Niyə gözümüzün altı qaralır?


Digərləri 22 Fev 2018 21:25:00 438 0

Niyə gözümüzün altı qaralır?

Göz altındakı qaralıq adətən yuxusuz gecələr və az yuxu nişanəsi sayılır. Bəs başqa səbəbləri ola bilərmi? Mövzunu BBC Future araşdırıb.

Daha az tükü olan üzlərin üstünlüyü ondadır ki, parazitlərin gizlənmək üçün yeri az olur. Həmçinin təmiz dəridə tər bərabər yayılır və bizə sərinlik verərək işini effektiv şəkildə görmüş olur.

Dərinin təmiz olması faktı da rahatlıq bəxş edir. Çəkinmədən qarşımızdakı insanlarla ünsiyyət qura bilirik. Təəssüf ki, təmiz dərinin də bir amması var: insanın yorğunluğunu dərhal hiss etdirir.

özaltı torbaların yaranması çox zaman tibbi problem kimi qiymətləndirilmir. Kosmetik Dermatologiya jurnalında 2007-ci ildə dərc olunan bir məqalədə braziliyalı tədqiqatçı Fernanda Magagnin Freitag göstərib ki, bir çox pasientlər "qara halqaların həyat keyfiyyətini əks etdirən mühüm bir şey kimi qəbul edib narahatlıq keçirirlər".

Dəri ilə bağlı problemlər psixoloji və ya emosional qəmginliyə səbəb ola bilər. Bu problemlər sağlamlıq üçün təhlükəli sayılmasa belə, insanlar çox zaman çarə axtarmağa başlayırlar.

Çox güman ki, göz altı torbalar ardıcıl yuxusuz gecələrdən asılı deyil

Təbii ki, "qara halqalar" və ya "gözaltı torbalar" tibbi termin deyil və oxşar görünüşlü bir neçə problemə şamil olunur. Tibbi adı "periorbital hiperpiqmentasiya" və ya POH-dur və tarixən dermatoloji tədqiqatların mövzusu olmadığına görə haqqında çox şey bilinmir.

Bir şeydən isə əminik: gözaltı dəri son dərəcə nazik olduğuna görə çox şəffafdır. Bu da həmin hissədəki qan damarlarını daha qabardır və dərini tünd göstərir.

"Kimsə mənə gözünün altındakı şişkinlikdən danışanda, onları görüb, müayinə etmək istəyirəm," UCLA-də dermatologiya üzrə rezident həkim olan Hayley Goldbach deyir.

Çünki nazik dəri insanlarda POH yaradan səbəblərdən biridir.

"Bu ya göz altlarındakı tünd piqmentləri, ya kölgə təsiri, ya da ki, həmin hissənin altında damarların qabarıqlığı ilə izah oluna bilər."

Goldbach, həmin dərini dartmağı xoşladığını deyir. Əgər tündlük daha da pisləşərsə, səbəbkar altdakı vaskulyasiyadır. Yox əgər yaxşılaşarsa, problem dərinin boş və ya sallaq olmasından qaynaqlanır.

Burun, göz və yanaq arasındakı hissəni dermatoloqlar göz yaşı çökəkliyi adlandırırlar. Çünki bu hissə yaş gözdən axdıqdan sonra, çıxış yolu rolunu oynayır.

"Yaşlandıqca dəri altındakı piyi itiririk," Goldbach izah edir.

Beləliklə göz yaşı çökəkliyi daha dərin görünür. Bu əslində optiki illüziyadır. Görünən qaralıq isə sadəcə olaraq, işığın üz konturlarının səthi boyunca əksidir.

Göz yaşı çökəkliyi damcının üzümüz boyunca aşağı axmasını təmin edir

Dermatoloqlar həm də rəng əsasında göz altındakı problemin səbəbini müəyyənləşdirə bilirlər. Əgər onlar mavi, çəhrayı və ya bənövşəyi çalardadırsa, rəngin dəri altındakı damarlardan gəldiyi zənn edilir.