Polis qardaşını qətlə yetirən Əli: “Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…”


Digərləri 22 Fev 2018 18:15:00 215 0

Polis qardaşını qətlə yetirən Əli: “Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…”

Bakıda doğma qardaşların uzun sürən ailədaxili narazılıqları qətllə nəticələnib. Kiçik qardaşın hikkəsi və yaşca özündən böyük qardaşa həsəd aparması onu dəmir barmaqlıqlar arxasına, ailə qurmağa hazırlaşan qardaşı, 34 yaşlı Muradı isə qəbrə aparıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin avqustunda baş vermis bu ailə dramı ilə bağlı istintaq tamamlanıb, iş üzrə məhkəmə prosesi başlayıb. Ötən gün fevralın 21-də qardaş qatili Əli Əliyevin işi üzrə ilk məhkəmə dinləmələri keçirilib.

Cinayət işinin materiallarına əsasən qardaşına 23 zərbə endirən 27 yaşlı Əli evdən qaçıb və sonradan Xocahəsən qəsəbəsi ərazisindəki "təpəlik"də qalıb. Polislər bir həftədən sonra onu "Göl" adlanan ərazidə huşsuz vəziyyətdə taparaq xəstəxanaya aparıblar.

İttihama görə, Əli Əliyev valideynlərinin daha çox qardaşı Murada diqqət göstərməsinə, onun ailə qurmağa hazırlaşmasına, yeni tikilən binalardan mənzil almaq üçün ata-anasının ona pul vermək istəməsinə həsəd aparıb. Bu səbəbdən qardaşlar arasında ədavət yaranıb. Qardaşını öldürməyi planlaşdıran Əli Əliyev ötən ilin avqust ayının 19-da yaşadıqları mənzildə (Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 25)  idmanla məşğul olan Murada qəflətən arxadan hücum edərək bıçaqla ona 23 zərbə endirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əli Əliyev istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli  bilib. O, ifadəsində ata-anası və ortancıl qardaşı Muradla bir evdə yaşadıqlarını deyib. Əlinin Çevik Polis Alayında polis serjantı işləyən qardaşı ilə münasibətləri korlanıb, son üç-dörd il ərzində qardaşlar ümumiyyətlə bir-birlərini dindirməyiblər.

Əlinin ifadəsinə görə, guya qardaşı Murad atası Ramazanı başqa qadınlarla görüşdüyünə görə şantaj edərək özünə iş qurmaq, yaşadıqları evi satdıraraq yeni tikililərdən özünə ev aldırmaq istəyib. Atası da Muradın dediyi ilə oturub-durub: "Atamın Sumqayıt parkında attraksionları var. Yay aylarında orada işləyirdim. Murad imkan vermirdi ki, atam mənə də şərait yaratsın. Hər şeyi özü əldə etmək istəyirdi. Mənim özümün normal qazancım olmurdu".

Hadisə baş verən gün nə vaxta kimi işsiz, evsiz qalacağını düşünən Əli Murada işə girmək və evlənmək istədiyini bildirib. Murad "mənim özüm də yaxşı işdə deyiləm, serjant işləyirəm, ev alıb evlənmək fikrindəyəm" cavabını verib. Qardaşının cavabını özlüyündə götür-qoy edən Əli düşünüb ki, ona ev alınmasına, iş tapılmasına Murad imkan verməyəcək, əksinə maneçilik yaradacaq. Və Murad yerdə oturub üzü televizora tərəf baxan zaman Əli arxadan yaxınlaşaraq ona ardıcıl bıçaq zərbələri endirib.

"Murada on bıçaq vursam da, ayağa qalxıb mənimlə tutaşmaq istəyirdi. Həmin vaxt eyvanda olan anam səsə gəlib təcili yardım çağırdı. Anam qardaşıma vurduğum son bir-iki bıçaq zərbəsini gördü"-Əli ifadəsində deyir.