Qarabağa səfər edən 4 deputatla bağlı AP sədrinə müraciət olundu: "Bu, dinamik əməkdaşlığa xələl gətirir"


Siyasət 22 Fev 2018 14:18:14 284 0

Qarabağa səfər edən 4 deputatla bağlı AP sədrinə müraciət olundu: "Bu, dinamik əməkdaşlığa xələl gətirir"

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa parlamentinin sədri Antonio Tayaniyə müraciət ünvanlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə U.Mirzəyev AP-nin dörd deputatının öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı məsələyə baxılması və Lars Adaktusson, Çarlz Tennok, Eleni Teoharus və Mişel Rivasi barədə lazımi tədbir görülməsinə çağırıb.

U.Mirzəyev bildirib ki, Avropa Parlamentinin bu üzvləri AB və Azərbaycan arasındakı dinamik əməkdaşlığa xələl gətirir. O, yazaraq bildirir ki, Avropa Parlamentinin bəzi üzvləri tərəfindən atılan addım təkcə diplomatik normalara və beynəlxalq hüquqa deyil, həm də əsas etik prinsiplərə ziddir.

Müraciətdə qeyd olunur ki, Avropa Xalq Partiyasından olan Lars Adatukson (İsveç) bu yaxınlarda Ermənistanın bəşəriyyətə qarşı cinayət aktı və soyqırım olan Xocalı faciəsi də daxil olmaqla etnik təmizləmə siyasəti apardığı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

U.Mirzəyev hesab edir ki, bu səfər Avropa Parlamentinin bu üzvünün təcavüzü və işğalı dəstəklədiyini göstərir.

Ermənistan ərazisindən həyata keçirilən bu cür qanunsuz səfərlə Lars Adaktusson Azərbaycanın qanunlarını həmçinin, beynəlxalq hüququn norma və prinsiplərini pozub, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun səylərini boşa çıxararaq BMT TŞ-nın dörd qətnaməsini şübhə altına almış olub.

Həmçinin bildirilir ki, AP-nin "Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu"nun (ECR) üzvü olan xanım Eleni Teokarus (Kipr) da Dağlıq Qarabağa "qanunsuz" səfər edib və qondarma rejimi dəstəklədiyini bildirib.

"Bu deputatlar anti-Azərbaycan qüvvələrinə açıq şəkildə dəstəkləyən qərəzli mövqe sərgiləyir, Azərbaycan və AB-nin birlikdə gördüyü işlərə kölgə salmaq üçün hər vasitəyə əl atırlar. Onlar erməni hakimiyyətinin öz işğalçı siyasətinə haqq qazandırmaq üçün etdikləri əsassız və təcavüzkar cəhdləri təşviq edirlər.

1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, ermənilər Azərbaycanın cəbhə xəttinə yaxın ərazidə yaşayan dinc əhalini öldürməyə davam edir.

İyulun 4-də ermənilər Azərbaycanın Alxanlı kəndində yaşayan mülki əhaliyə məqsədyönlü şəkildə hücum ediblər. Nəticədə Quliyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirilib. Qeyd etmək lazımdır ki, bu kənd hərbi bazalardan kifayət qədər aralı məsafədə yerləşir. Bu ermənilərin mülki vətəndaşları məqsədyönlü şəkildə öldürdüklərini deməyə əsas verir.

İnsanlar həlak olur çünki, təxminən üç onillikdir ki, beynəlxalq ictimaiyyət təcavüzkarı açıq şəkildə elan etmir və Ermənistan cəzalandırılmamasından cəsarətlənərək öz təcavüzkar siyasətini davam etdirir. Bu müharibə cinayətidir".

Mülki əhalinin öldürülməsindən danışan Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun (ECR) üzvü Çarlz Tannok Azərbaycanı mülki ərazilərdə dinc əhalidən sipər kimi istifadə etməkdə günahlandırıb. O iddia edir ki, Azərbaycanın addımları Cenevrə Konvensiyasına ziddir.

Buna cavab olaraq, Umud Mirzəyev statistik məlumatları diqqətə çatdırır. O, xatırladır ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20%-dən çoxu 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür; Ermənistanın işğalı və hərbi əməliyyatları nəticəsində 1.2 milyon insan qaçqın və ya məcburi köçkün statusu alıb. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan insanlar öz evlərindən və doğma yurdlarından getmək istəmir.

Həmçinin, Antonio Tayaniyə məlumat verilir ki, 2018-ci ilin fevralın 27-də Avropa Parlamentinin deputatları cənab Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamnetinin binasında Dağlıq Qarabağa dair tədbir keçirməyi planlaşdırırlar. Tədbir Erməni hüquqi mərkəzi və insan hüquqları üzrə Tufenkyan Fondu və Avropa Erməni Ədalət və Demokratiya Federasiyası tərəfindən təşkil olunub. 2018-ci il fevralın 28-də Avropa Parlamentinin binasında Dağlıq Qarabağ və Avropa Birliyi 1988-2018-ci illər" adlı konfrans keçiriləcək. Tədbir Erməni xeyriyyəçi birliyi və Ermənistanın dostlarının Avropa qrupunun lobbiçi qrupu tərəfindən maliyyələşdirilib.

Umud Mirzəyev bəyan edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti həmişə Avropa norma və dəyərlərini vurğulayıb, həmçinin Avropa Birliyinə inteqrasiyanı dəstəkləyib. "Avropa Parlamentinin bəzi deputatlarının bu cür davranışı Azərbaycan xalqının AB-nin münaqişənin dinc yolla həll olunması və Azərbaycanla inteqrasiyanı dərinləşdirmək istəyinə inamını azaldır."

O, vurğulayaraq qeyd edir ki, AB və AP Şərq tərəfdaşlığına daxil olan ölkələrin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Onun fikrincə deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və onların işğal olunmuş ərazilərdə cinayətkar rejimlə əlaqələri Ermənistan və Azərbaycan xalqları arasında münasibətləri gərginləşdirir və iki xalqın yaxınlaşması mane olur.

BAMF prezidenti Avropa Parlamentinin sədrinin AP-nın anti-Azərbaycan yönümlü platforma kimi istifadə olunmaması üçün səy göstərəcəyinə ümid etdiyini bildirib.