Amerikalı diplomatların Rusiyada prezident seçkilərini müşahidə etməsinə icazə verilməyəcək


Dünya 22 Fev 2018 12:59:08 249 0

Amerikalı diplomatların Rusiyada prezident seçkilərini müşahidə etməsinə icazə verilməyəcək

Rusiya XİN artıq bu qərarla əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinə rəsmi məlumat verib

ABŞ diplomatların və Rusiyada fəaliyyət göstərən ABŞ-ın ölkəxarici qurumları əməkdaşlarının Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməsinə icazə verilməyəcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, belə qərarın qəbul edilməsinə səbəb 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı Rusiyanın diplomatik missiyalarının əməkdaşlarının müşahidəçi qismində çıxış etməsinə icazə verilməməsidir.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə edəcək missiyasına daxil olan ABŞ vətəndaşları isə təbii ki, Rusiyada prezident seçkilərində bütün müvafiq funksiyaları yerinə yetirəcəklər", - S.Ryabkov vurğulayıb.

Rusiyalı diplomat deyib ki, Rusiya XİN artıq bu qərarla əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinə rəsmi məlumat verib.