Övladı I sinfə gedəcək valideynlər üçün


Digərləri 22 Fev 2018 12:26:00 236 0

Övladı I sinfə gedəcək valideynlər üçün

Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Bakı Şəhər Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin, Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=4&v=Q-PmAVVY2Zc) hazırlanaraq Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet resurslarında yerləşdirilib.

Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook" səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.