“Vijn Fond Azərkredit” müflis elan edilə bilər


İqtisadiyyat 22 Fev 2018 12:13:08 432 0

“Vijn Fond Azərkredit” müflis elan edilə bilər

BOKT kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmir

“Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə “Report”a BOKT-dan bildirilib.

Məlumatda deyilir ki, Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi “Vijn Fond Azərkredit”ə kreditorları qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyə mane olub.

“Müflisləşmə və iflas haqqında” qanuna əsasən, bu halda iflas prosesinə başlanılmalıdır. Odur ki, BOKT-un İdarə Heyəti fevralın 8-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu müraciətə hüquqi qiymətin verilməsi artıq yalnız məhkəmənin səlahiyyətinə aiddir”, - deyə maliyyə qurumundan verilən açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303 867 manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatıdır (24%).

“Vijn Fond Azərkredit”in 2016-cı ilin yekunu ilə bağlı açıqladığı maliyyə hesabatına əsasən, BOKT-un öhdəlikləri aktivlərini üstələyib.