Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransı Azərbaycanda keçiriləcək


Digərləri 22 Fev 2018 10:55:00 237 0

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransı Azərbaycanda keçiriləcək

Tailand Krallığında səfərdə olan Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı fevralın 20-21-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) Banqkok şəhərində keçirilən İdarə heyətinin illik görüşündə iştirak edib.

DİM-dən Son.az-a verilən məlumata görə, görüşdə IAEA-nın 45-ci illik konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq etməkdədir və təşkilatın daimi üzvüdür. Bu əməkdaşlıq çərçivəsində DİM IAEA-nın illik konfransının Azərbaycanda təşkil olunması üçün müraciət edib və IAEA-nın 45-ci illik konfransının 2019‑cu ilin 23-27 sentyabr tarixlərində Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

DİM-in Strateji inkişaf və layihələrin idarəedilməsi sektorunun müdiri Vəli Hüseyn Azərbaycanda "Qiymətləndirmə və qərar qəbul etmə: fərdi və institusional həllər" mövzusunda keçirilməsi planlaşdırılan tədbirə hazırlıq işlərinin görülməsi barədə təqdimat etmiş, İdarə Heyətinin üzvləri tərəfindən verilmiş sualları cavablandırıb. Təqdimatın əsas hissəsi konfransın mövzusu, alt-mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan, ölkə təqdimatı və ümumi hazırlıq işlərini əhatə edib.