Hədsiz tərləmədən ən sərfəli xilas yolu


Digərləri 21 Fev 2018 23:42:00 277 0

Hədsiz tərləmədən ən sərfəli xilas yolu

Şiddətli əl, üz, qoltuqaltı tərləmələri və üz qızarmasından əziyyət çəkənlərin Respublika Müalicəvi Diaqnostika Mərkəzində torakoskopik simpatikotomiya əməliyyatı ilə müalicə olunmasına başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzin döş qəfəsi cərrahı Elmar Məmmədov bu barədə danışırkən deyib: "Artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlik - hiperhidroz diaqnozu əksər hallarda əlavə müayinələrə ehtiyac duyulmadan xəstənin şikayətləri əsasında qoyulur. Həmin şikayətlərlə daha çox 18-25 yaşda olanlar həkimə üz tuturlar. Onlar əl, qoltuqaltı və ayaq tərləmələrinin uşaq yaşlarından başladığını və sonrakı dövrlərdə davam etdiyindən şikayətlənirlər. Daim tərli vəziyyətdə olan qoltuqaltı nahiyələr və əllər onlara böyük narahatlıqlar yaradır. Tərləmə stressli vəziyyətlərdə daha da şiddətli olur. Lakin artıq həmin problemin həlli yolu tapılıb. Mərkəzdə aparılan əməliyyatlar sahəsində həmin problemdən əziyyət çəkənlər hədsiz tərləmədən xilas olacaqlar."

Həmin xəstəliyin ən geniş tətbiq olunan müalicə növü - botoksun dərialtı yeridilməsindən də söhbət açan həkim-cərrah prosedurun bahalı olması, tam uğurlu nəticə alınmaması, alınan nəticənin isə uzağı 6-9 ay davam etməsi, əl-barmaq uclarında hissiyyatın azalması və böyük barmağın funksiyasının pozulması kimi neqativ təsir göstərə biləcəyi üçün hiperhidrozun əsas müalicəsinin cərrahi müdaxilə olduğunu bildirib: "Torakoskopik simpatikotomiya əməliyyatının təməlində tərləməyə səbəb olan funksiyası pozulmuş simpatik zəncirin T3-T4 səviyyələrində kəsilməsidir. Tərləmənin cərrahi yol ilə müalicəsi digər müalicə növlərindən onunla fərqlənir ki, tam səmərilidir, maddi cəhətdən sərfəlidir və xəstə hədsiz tərləmədən həmişəlik xilas olur, tərləmə bir daha təkrarlanmır, prosedurun təkrarlanmasına isə ehtiyac qalmır. Məhz buna görə də videoyardımlı torakoskopik simpatikotomiya əməliyyatı hiperhidrozun müalicəsində istifadə olunan digər müalicə növlərindən daha üstündür."