Qadınları evdən qaçıran səbəb: zorakılıq, azadlıq istəyi, yoxsa...


Digərləri 21 Fev 2018 22:10:00 265 0

Qadınları evdən qaçıran səbəb: zorakılıq, azadlıq istəyi, yoxsa...

Son zamanlar tez-tez ailəsini, övladlarını tərk edərək, qaçan qadınlar barədə xəbərlər mətbuatın gündəminə çevrilir. Səbəbin isə nə olmasından asılı olmayaraq, bu addımı atan qadın qınaq obyektinə çevrilir, əxlaqı barədə təhqiramiz fikirlər səsləndirilir.

Hazırda cəmiyyətdə qəribə bir təzad ortaya çıxıb. Əvvəllər qəbul olunmuş bir stereotip vardı - kişi evi tərk edib gedirdi, qadınlar isə səslərini çıxarmayaraq ömürlərini onların yolunu gözləməklə keçirirdi. Amma indi qadınlar da ailəni tərk etməyə başlayıb. Özü də bu, gün keçdikcə daha da artır. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, illərdir kişilərin ailələrini tərk etməsinə göz yumur, bir söz demirik, qadının bu hərəkətini eşitdikdə isə dərhal hər kəs reaksiya verir. Qəzəblənir, asır, kəsir, şiddətlə qınayırlar. Amma məhz həmin qadınların hansı səbəbdən evlərini tərk etmələri ilə maraqlanmırlar.

İlk öncə qadın anadır və ola bilməz ki, ailəsindən, isti yuvasından, canı qədər sevdiyi övladlarından əl çəkib getmək ona asan olsun. Bəs nədir qadınları bu addımı atmağa məcbur edən səbəb? Doğrudanmı baş verən bu kimi bütün nümunələrdə yalnız qadınlar günahkardır? Ümumiyyətlə, hər dəfə bu qəbildən xəbər eşitdikdə kimdir günahkar deyə müqəssir axtarmalıyıq, yoxsa buna rəvac verən çatışmazlıqları aradan qaldırmalıyıq?

"Kişiləri evə gətirib qumar oynayırdı"

Son.az bildirir ki, bir müddət əvvəl üç övladı ilə evini tərk edərək "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında məskunlaşan 35 yaşlı Sevda Ələsgərova (ad və soyad şərtidir) ailem.az-a qısa həyat hekayətini danışır. Bildirir ki, evli olduğu illər ərzində həyat yoldaşı tərəfindən inanılmaz zorakılıqlara məruz qalıb: "2003-cü ildə əmim oğlu ilə ailə qurdum. Onu sevmirdim, amma valideynlərim zorla məni onunla evləndirdilər. 3 övladım var - iki qız, bir oğlan. Qızlarımdan birinin 13, digərinin 12, oğlumun isə 9 yaşı var. Onunla evli olduğum bu illər ərzində eşitmədiyim təhqir, söyüş qalmayıb. Mənə işgəncələr verirdi, döyürdü, bədənim həmişə gömgöy olurdu. Bütün bunlar uşaqların gözü qarşısında baş verirdi. İnanın ki, indi mən susaram, uşaqlar onun zülmlərindən danışarlar. İntim münasibət zamanı da mənə qarşı hörmətsizlik edirdi, zorla çarpayının altına salırdı. Döyürdü, deyirdi mən nə istəyirəmsə, sən onu etməlisən. Dəfələrlə uşaqlar görüb ki, mən çarpayının altında yatmışam. Hətta onun elədiyi hərəkətləri indi mən sizə deməyə utanıram..."

S. Ələsgərova deyir ki, yoldaşı bütün bu zorakılıqları qısqanclıqdan etdiyini deyirmiş: "Özü deyirdi ki, bunları məni qısqandığı üçün edir. Amma mən onu qısqandıracaq heç bir hərəkət etmirdim axı. İkincisi, əgər məni qısqanırdısa, niyə evə qumarbaz kişiləri gətirib onlarla qumar oynayırdı? Yad adamları evinə gətirən bir kişi necə deyə bilər ki, mən qadınımı qısqanıram?! Bu, qısqanclıq deyildi, qadın döymək sadəcə onun hobbisi idi. Çünki mənimlə ailə qurmazdan əvvəl başqa bir qızla nişanlı olub. Həmin qızı da döyürmüş. Buna görə də o qız nişanını qaytarıb, canını qurtarıb. Amma mən onunla həyatımı birləşdirərək gələcəyimi məhv etdim... Həmişə özümə təsəlli verirdim ki, bəlkə nə vaxtsa bu xasiyyəti düzələr, amma yanılmışam. İndi əminəm ki, o, ömrünün sonuna qədər dəyişməyəcək".

"İşə zəng vurub dedi, gəlirəm səni öldürməyə"

Həyat yoldaşının oğurluq etdiyi üçün iki dəfə həbsdə olduğunu deyən qadının sözlərinə görə, kişi həmin vaxtlarda da evə zəng vuraraq onu hədələyirmiş: "O, tutulandan sonra mən işləməyə başladım. Bundan sonra həyata baxışım tamamilə dəyişdi. Fikirləşdim ki, niyə mən nahaq yerə döyülməliyəm? Bu illər ərzində döyülmüşəm, söyülmüşəm, işgəncə görmüşəm, amma artıq bəsdir. Bir neçə gün əvvəl işdəydim. O, həbsxanadan çıxaraq zəng vurub dedi ki, gəlirəm səni öldürməyə. Çox qorxdum və uşaqlara zəng vurub dedim ki, tez evdən çıxın. Gəldik sığınacağa. Boşanma ərizəsi vermişəm. Amma çox peşmanam ki, niyə bu addımı daha əvvəl atmamışam. O isə boşanmaq istəmir. Çünki boşanandan sonra hər uşağa görə 100 manat aliment verməlidir".

"Hazırda işləyirəm, amma bu gün işə getməmişəm ki, bir az beynim dincəlsin. İşə də gəlib çıxır. Orada da məni incidir. İmkan vermir ki, bir ana kimi mən də işləyib uşağımı saxlayım. Məni incitdiyinə görə şikayət etmişəm. Hətta mənə etdiyi bu zülmlərə görə onun həbs olunmasını belə istəyirəm. Bu dəqiqə istəyərəm elə bir uzaq yerə gedim ki, nə onun üzünü görüm, nə də səsini eşidim. Balalarım mənim üçün həm atadır, həm qardaşdır, həm də ər. Mən də bir qadın kimi xoşbəxt olmaq istəyirəm...", - deyə S. Ələsgərova sonda qeyd edir.

"Sosial şəbəkələrdə qadınlara vədlər verirlər"