Dövlət gəncliyin inkişafını prioritet vəzifə hesab edir


İdman 21 Fev 2018 14:53:00 304 0

Dövlət gəncliyin inkişafını prioritet vəzifə hesab edir

Yeni nəslin mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsi məsələsi bütün dünyada böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin müxtəlif sahələrində və beynəlxalq miqyasda müşahidə edilən ziddiyyətli, mürəkkəb və bir çox aspektlərdə müəmmalı proseslər göstərir ki, gənclərin təlim-tərbiyəsi, dünyagörüşü, müstəqil həyata hazırlığına ciddi yanaşılmalıdır. Dünyanın aparıcı ölkələrində bu məsələnin ciddi problem kimi qarşıya qoyulduğunu qeyd etmək yerinə düşər. Gələcəyin etibarlı təminatçısı olmaq faktoru dövlətlər üçün gənclər siyasətinin prioritet olması zərurətini meydana çıxarıb.  Gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə də gətirib çıxarır. Çünki gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik gənclərin formalaşması dövlətin gələcəyinin əsas təmini rolunda çıxış edir.

Gələcəyin təminatçıları

Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət gənclər siyasəti  gənclərin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

 

Gənclər bizim gələcəyimizdir

 Ulu öndər Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Bu da təsadüfi deyildi. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edir və deyirdi ki, gənclər bizim gələcəyimizdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Əliyevin xalqın təkidli xahişindən sonra ölkəyə rəhbərliyə qayıdışı ilə digər sahələr kimi gəncliyin də inkişafında əsaslı dönüş yaratdı.

Ümummilli lider hər sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. O, hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün  yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər  sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən Ümumilli liderin yolunu davam etdirərək gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Prezident yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi dövlət başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir. Prezident yanında Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirib.  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Cənab Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər.  Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

 

Sabahın liderləri...

Ekspertlər  bildirir ki, XXI əsrdə cəmiyyətlərin həyatında əsas rolu, məhz,  gənclər oynayır. Bu, daha çox demoqrafik göstəriciləri müsbət olan ölkələrə aiddir. Dünyanın bir sıra regionlarında baş verən hadisələr üç mühüm faktorla dəyərləndirilir.

Siyasi idarəetmə fəlsəfəsi və üsulunun yeniləşməsi, sürətli elmi-texnoloji yeniliklərin keyfiyyətcə fərqli sosial-mədəni mühit formalaşdırması və gənclərin cəmiyyətin ən dinamik təbəqəsi olması. Bunlar ayrıca bir ölkənin daxili siyasi, iqtisadi və mədəni vəziyyəti ilə qlobal miqyasda özünü göstərən amillərin sıx əlaqəsindən qaynaqlanır. Bu kontekstdə 2014-cü ilin 28-30  oktyabr tarixlərində Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum əhəmiyyəti rol oynayıb.

2014-cü ildə Gənclər siyasəti üzrə birinci qlobal forumun Bakıda keçirilməsi təsadüfi deyil və təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ona olan etibarın təsdiqidir. Ən mötəbər Forumların, simpoziumların keçirilməsi üçün Bakının seçilməsi Prezident İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasətin uğuru, ölkədə  davamlı sabitliyin təminatı, Azərbaycanın dünyada  möhkəmlənən mövqeyinin dəstəklənməsidir. Müstəqil Azərbaycanda gənclər siyasətinin dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən  Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrikində deyilirdi: “Bu ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən qiymət kimi dəyərləndiririk. Hesab edirik ki,  bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin dövlət orqanları və qeyri –hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır”.  

Belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsi ciddi uğurdur.  BMT-nin baş katibi Pan Gi Mun forum iştirakçılarına videomüraciətində bu məqamı xüsusi vurğulamışdı: "Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir..."

Cənubi Qafqazda öz müstəqil mövqeyi, sürətli iqtisadi inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər tədbirlərin məkanı olan Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə yüksəlir. Dünyanın 80 ölkəsindən 700-dən artıq gəncin Bakıda dünya əhəmiyyətli problemləri müzakirə etməsi, bütün bunlara görə tamamilə məntiqlidir. Təbii ki, hər bir Azərbaycan vətəndaşı bundan qürur duyur.

Tədbirdə dövlət başçısının çıxış etməsi onun əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev forumda söylədiyi nitqində gənclərin müasir cəmiyyətdə oynamalı olduqları rolu dəqiq ifadə edib. Ölkədə bu istiqamətdə həyata keçirilən çox səmərəli proqramların əksəriyyəti gənclərlə bağlıdır. Bu da təsadüfi deyil, çünki Azərbaycan rəhbərliyi cəmiyyətin gələcəyini düşünür, müstəqil dövlətçiliyin daim etibarlı əllərdə olması üçün ilk növbədə yeni nəslin qayğısına qalır.

Prezident forumda təhsil, idman, mədəniyyət, elm, incəsənət kimi sahələrin prioritet olmasını xüsusi vurğulayaraq deyib: “Biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər... Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır”.

Daxili siyasətin prioritetlərindən olan bu məqamlar Azərbaycan cəmiyyəti üçün iki aspektdə əhəmiyyət daşıyır. Əvvəla, cəmiyyətdə sürətlə müasirləşmə prosesi gedir. Hazırda ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələr üzrə islahatların tempi artıb. İkincisi, bu prosesdə gənclərin yeri və rolu getdikcə artır. Gənclərin birinci Qlobal forumunda məhz onların cəmiyyət həyatında oynadıqları rol geniş müzakirə mövzusu olub. Prezident İlham Əliyev dünyada dialoqun, əməkdaşlığın, ədalətin və qarşılıqlı hörmətin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq, siyasətçiləri bu prinsiplərə əməl etməyə səsləyib. Gənclər gələcəyin liderləri olduqları üçün bu çağırış ilk növbədə onlara yönəlib. Bütün bunlar forumun tarixi dəyərini göstərməklə bərabər, Azərbaycan gənclərinin hansı ruhda tərbiyə olunduğunu da göstərir. Onlar əməkdaşlığa və dialoqa hazır olan kadrlar kimi formalaşırlar. Tədbirdə iştirak edən yüzlərlə xarici həmyaşıdları ilə qurduqları ünsiyyət gələcəkdə səmərə verə bilər. Xaricdən gələn iştirakçılar azərbaycanlı gənclərin mənəvi-əxlaqi keyfiyyətləri haqqında düzgün təsəvvür əldə etməklə, böhtan atanların yalan danışıqlarına artıq inanmayacaqlar. Azərbaycanda yetişən gələcək liderlərin siyasi hazırlığının, fərqli mədəniyyətlərə dərin hörmətlərinin canlı şahidi olanlar bizim xalqın dostları olacaqlar.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov 2017-ci ildə proqram çərçivəsində Puytaraya, Fəs və Şirazda keçirilən 20-dən çox mədəni və elmi tədbirlər barədə məlumat verərək, bu proqramın islam dünyasının həmrəyliyinin gücləndirilməsinə hədəfləndiyini bildirmiş, eləcə də ərazi bütövlüyü, terrorizmlə mübarizədə müsəlman ölkələrinin həqiqi həmrəylik nümayiş etdirmələrinin vacib olduğunu vurğulamışdır. E.İskəndərov o cümlədən, 2017-ci ilin Azərbaycanda İslam həmrəylik ili olduğunu qeyd etmiş, 2018-ci ildə isə Azərbaycanın İƏT Gənclər və İdman Nazirlərinin 4-cü konfransına ev sahibliyi etməsinin önəmini də vurğulamışdır.

Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən  ölkəsinə nümunə göstərilə bilər.

 

Zeynəb Əliyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün