"Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı hərbivətənpərvərlik tədbiri keçirilib FOTO


Digərləri 21 Fev 2018 13:22:20 306 0

"Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı hərbivətənpərvərlik tədbiri keçirilib  FOTO

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Azərbaycanın Milli Qəhrəmanları və onların valideynləri, Qarabağ Vətən müharibəsi veteranları, Azərbaycan Xüsusi Xidmət Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və "Ehtiyatda olan Zabitlərin Konfederasiyası" İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları, əsgərləri, həmçinin Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına daxil olan gənclər təşkilatlarının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik, professor Cəlal Qasımov çıxış edərək DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb.

O, bu tədbirin bir neçə gündən sonra bütün xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxışçılar tərəfindən xüsusi qeyd olunub ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son dərəcə inamlı və cəsarətli daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da güclənir.