Gürcüstan DİN başçısının müavini Aİ ilə vizasız rejimin müzakirəsi üçün Almaniyaya gedib


Dünya 21 Fev 2018 13:26:46 307 0

Gürcüstan DİN başçısının müavini Aİ ilə vizasız rejimin müzakirəsi üçün Almaniyaya gedib

Nino Cavaxadze Avropa ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması məsələsini müzakirə edəcək

Gürcüstanın daxili İşlər nazirinin müavini Nino Cavaxadze Avropa ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması problemini və Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız giriş rejiminin ləğv edilməsi təhlükəsini müzakirə etmək məqsədi ilə Almaniayaya gedib.

Bu barədə "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir.

Qeyd edək ki, fevralın əvvəlində Almaniyanın daxili işlər naziri Tomas de Mezyer sığınacaq axtaran şəxslərin sayının artması təqdirində Gürcüstanla Aİ arasında vizasız rejiminin dayandırılması mexanizminin işə salına biləcəyini istisna etməyib, o cümlədən kriminal vəziyyətin artması ilə əlaqədar narahatlığını ifadə edib.

Almaniya DİN-in 2017-ci ilin yanvar ayına olan məlumatına görə, Gürcüstan vətəndaşları bu ölkədə sığınacaq axtaranlar arasında yeddinci yerdədir.

Gürcüstan hökuməti artıq Aİ ilə vizasız rejim qaydasını təhlükə altına salan şəxslərə qarşı qanunları sərtləşdirmək, tərəfdaş ölkələrlə əməkdaşlığı aktivləşdirmək və ölkə miqyasda fəal informasiya kampaniyası aparmaq niyyətini bəyan edib.

Əlavə edək ki, Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Avropada sığınacaq axtarışının Gürcüstan üçün problemli məsələlərdən biri olduğunu söyləyib.