Şenol Güneş: "Tam heyətlə oynasaydıq..."


İdman 21 Fev 2018 12:51:00 298 0

Şenol Güneş: "Tam heyətlə oynasaydıq..."

"Beşiktaş" bu mövsüm Çempionlar Liqasında ilk məğlubiyyətini "Allianz Arena"da aldı. "Qara qartallar" turnirin 1/8 final mərhələsində çıxdığı ilk oyunda "Bayern Munchen" tərəfindən darmadağın olundu - 0:5. Goal.az xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Şenol Güneş böyük hesablı məğlubiyyətdə komandasının 10 nəfərlə qalmasını xüsusi vurğulayıb.

"Bura gələnə qədər qrupda çıxdığımız matçlarda oyunumuzun qarşılığını almışdıq. Bu gün oxşar hadisə baş verdi. Rəqib bizdən daha üstün idi və məğlub olduq. Turnirə yaxşı futbolla vida etmək istərdik. 16-cə dəqiqədə azlıqda qalandan sonra tam heyətlə belə bizdən üstün olan komandaya qarşı oynamaq çətinləşdi. Fasiləyə az qalmış buraxılan qol həm fiziki, həm də psixoloji baxımdan enişə səbəb oldu. Rəqib bundan lazımınca yararlandı. İstedadlı futbolçularını həm cinah, həm də mərkəzdən hücuma yönəldən kollekitvə qarşı hücum təşkil edə bilmədik. Hər vəchlə qol buraxmamağa çalışdıq. Yalnız bir tərəfin göstərdiyi oyun tamaşaçılara zövq verdi. Buna görə məyusuq. Tam heyətlə oynasaydıq, daha yaxşı təsir bağışlaya bilərdik.

Hakimlə bağlı danışlası bir söz yoxdur. Hücuma çıxmağa gücümüz yetmədi. 1-2 qol imkanımız vardı. Birinci hissədə Vaqner Lav qola yaxınlaşmışdı. İkinci hissədə oyundan qopmuşduq. Başqa səbəbləri qabartmaqla özümüzə təsəlli vermək istəmirik. "Bayern Munchen"in hədəfi Çempionlar Liqasının qalibi olmaqdır. Daxili çempionatda məsələni onsuz da həll edib. Təbii ki, klub və komanda olaraq onlardan geri qalırıq. Oyun nöqteyi-nəzərindən yaxşı rəqibə ciddi müqavimət göstərmək şansını əldən qaçırdıq. Bu matça görə futbolçularımı tənqid etsəm, haqsızlıq etmiş olaram. "Bavariya" bu turnirin qalibi ola bilər. Bunun üçün gücü və təcrübəsi yetərlidir".

Güneş "Beşiktaş" futbolçularının fərdi oyununa da fikir bildirib.

"Adriano kifayət qədər yaxşı oynadı. Rəqibin sürətli oyunçularını dayandırmağa çalışdı. İkinci hissədə Robben Canerə problemlər yaratmağa başladı deyə onu əvəzlədik. Toşiç optimal formasında deyil. Medel müdafiə və dayaq yarımmüdafiəçisi kimi pis deyildi. Qırmızı vərəqə Atibanın səhvindən sonra Vidanın müdaxilə etməkdə gecikməsinə görə verildi. Hava mübarizələrində də rəqibə uduzduq. Çünki onların heyətində hündür futbolçular çoxdur. Müdafiə xəttində Vida - Pepe duetinə şans verməyimin səbəbi bu idi".