Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib (FOTO)


Digərləri 21 Fev 2018 13:11:00 200 0

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib (FOTO)

İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Bakı. İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycanı İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib. Nazir ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kral II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir. Ş.Mustafayev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. Bildirilib ki, İordaniyanın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər. Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Ş.Mustafayev 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İqtisadiyyat naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənədin imzalandığını, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsinin müzakirə mərhələsində olduğunu diqqətə çatdırıb.