Litvada Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir


Siyasət 21 Fev 2018 12:28:54 255 0

Litvada Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Vilnüsdə “Qan ver, həyat ver!” devizi altında qanvermə aksiyası təşkil olunub

 Litvanın bir çox şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. 

Bu barədə "Report"a Azərbaycanın Litvadakı səfirliyindən bildirilib.  

Məlumata görə, tədbirlər diplomatik korpusun təşkilatçılığı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutur. 

Belə ki, Litvanın paytaxtı Vilnüs şəhərində Xocalı qurbanlarının xatirəsinə “Qan ver, həyat ver!” devizi altında qanvermə aksiyası təşkil olunub. Litva Qan Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlarla yanaşı, azərbaycanlılar, tələbələr, ölkə vətəndaşları iştirak ediblər.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev səfirlik tərəfindən keçirilən qanvermə aksiyasının artıq ənənə halına çevrildiyini, bu tədbirin hər il olduğu kimi bu il də Xocalı qurbanlarının xatirəsinə həsr edildiyini bildirib: "Xocalı vəhşiliklərini törədən ermənilər qan töküb həyat alırdılarsa, bu gün dünyanın bir çox ölkələrində olduğu kimi biz azərbaycanlılar qan verib həyat bəxş edirik".

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Litva Qan Mərkəzinə verilən dəstək üçün təşəkkür edərək Xocalı soyqırımının hər bir azərbaycanlının qəlbində dərin yara buraxdığını deyib. 

Litva Qan Mərkəzinin donor şöbəsinin müdiri Pailius Norkus qan verərək həyat bəxş etməklə bu nəcib və böyük anlam daşıyan aksiyada fəal iştiraka görə minnətdarlığını bildirib.

Tədbirin xatirəsinə Litva Qan Mərkəzi adından səfirliyə sertifikat təqdim edilib, donorlara hədiyyələr verilib.

Qeyd edək ki, Xocalı soyqırımına həsr edilmiş tədbirlər çərçivəsində Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də anım mərasimləri, fotosərgilər, fləşmoblar təşkil olunacaq.