Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib


Digərləri 21 Fev 2018 11:54:49 207 0

Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

Bakı. Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəmini vurğulayıb. Bildirilib ki, bu il Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində qarşılıqlı münasibətlərin inkişafında çox işlər görülüb. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına stimul yaradır. Şahin Mustafayev bildirib ki, İordaniyada sabitlik hökm sürür və sərmayə yatırılması üçün münbit şərait yaradılıb. Bunlara Kral II Abdullah bin Hüseynin siyasəti nəticəsində nail olmaq mümkün olub. Ölkələrimiz arasında müxtəlif sahələrdə, eləcə də regionlar arasında əməkdaşlıq genişlənir, sosial layihələr həyata keçirilir. Qeyd olunub ki, Əmmanın Bədr rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan prospekt və meydan vardır. İordaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi inşa edilir. Azərbaycan bu dəhliz vasitəsi ilə Avropaya ildə 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bundan başqa, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da yaxından iştirak edir. Bu dəhliz Avropa ilə Körfəz ölkələrini birləşdirəcək. İran və Azərbaycan ərazilərindən keçməklə Rusiya və Avropaya kimi uzanan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İordaniya üçün də əhəmiyyətli ola bilər. Vurğulanıb ki, Azərbaycan-İordaniya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində 2007-ci ildə yaradılmış və səfər zamanı 3-cü iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. İndiyədək ölkələrimiz arasında investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər də daxil olmaqla ümumilikdə 42 sənəd imzalanıb. Azərbaycanda ticarət və xidmət sahələri üzrə 9 İordaniya şirkəti qeydiyyata alınıb. Nazir Şahin Mustafayev Azərbaycan və İordaniya arasında ticarət dövriyyəsində artımın müşahidə edildiyini, 2017-ci ildə ticarət dövriyyəsinin 37%, ixracın 52% artdığını vurğulayıb. Qeyd edilib ki, iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün AZPROMO və İordaniyanın aidiyyəti qurumu arasında əməkdaşlığın qurulması, ixrac missiyalarının təşkili, potensial ixrac məhsullarına dair qarşılıqlı məlumat mübadiləsinin aparılması məqsədəuyğundur.