Daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb


Digərləri 21 Fev 2018 11:20:00 269 0

Daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə müvafiq kateqoriyalardan olan daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb.

Son.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir.

Belə ki, Azərbaycan Prezidentinin "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilməsini nəzərdə tutur. Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.

Dövlət başçısının "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 20 fevral 2018-ci il tarixli Sərəncamı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.