Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının konfransı keçirilib


Sosial 21 Fev 2018 11:05:58 319 0

Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının konfransı keçirilib

Baş epidemioloq: "Azərbaycandakı xəstəxanalarda olan tibbi avadanlıq dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir"

Bakıda Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının “AZDAS-2018” konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin müasir standartlara uyğun təkmilləşdirilməsinin ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri olduğunu deyib.

Baş epidemioloqun sözlərinə görə, Azərbaycandakı xəstəxanalarda olan tibbi avadanlıq dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir.

İ.Ağayev qeyd edib ki, müxtəlif vasitələrdən istifadə edilməklə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri tarix boyu aparılıb, sonradan isə dezinfeksiya tədbirləri daha da təkmilləşdirilib, o, bir elm sahəsi kimi öyrənilib.

Konfransın davamında AZDAS-ın (Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyası) idarə heyətinin üzvü, Mərkəzi Klinik Xəstəxanasının İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva bildirib ki, Azərbaycan bir çox xəstəliklər üzrə azad zona elan edilib: "Azərbaycanda yoluxucu xəstəliklərə dövlət tərəfindən daim nəzarət olunur və bu baxımdan epidemioloji vəziyyət sabitdir. Xəstəxanadaxili infeksiyalar çox xərc tələb edir. Buna görə də hər bir tibb müəssisələrinin xəstəxanadaxili infeksiyalara qarşı mübarizə proqramı olmalıdır".

Qeyd edək ki, konfransın davamı olan sabah, fevralın 22-də Milli Onkologiya Mərkəzində “Xəstəxanadaxili İnfeksiyalara Nəzarətin Müasir Üsullara və Dəyişən Tibbi Müdaxilələrə Uyğun Qayda və Normativlərlə Tənzimlənməsi” adlı seminar planlaşdırılır.