Özbəkistan prezidenti yazda Azərbaycana səfər etməyi planlaşdırır


Siyasət 21 Fev 2018 10:06:42 251 0

Özbəkistan prezidenti yazda Azərbaycana səfər etməyi planlaşdırır

Tərəflər neft-qaz, ASK sahəsində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ilin yazında Azərbaycana rəsmi səfər edə bilər.

"Report" "CA-News"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.

"Səfərin dəqiq tarixini indidən demək çətindir. Çox güman, səfər bu ilin yazında, ola bilsin, mayın sonunda baş tutacaq", - H.Quliyev deyib.

Onun sözlərinə görə, səfər zamanı tərəflər geniş spektrli məsələləri, o cümlədən neft-qaz, aqro-sənaye kompleksi (ASK), tikinti materialları sənayesi, qida sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. İki ölkə arasında birbaşa uçuşların tezliyinin artırılması məsələsi də həll edilə bilər.

Diplomat əlavə edib ki, tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəhlizi çərçivəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müzakirə aparacaqlar.