Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub


Digərləri 20 Fev 2018 18:26:05 201 0

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub

Bolqarıstanın aparıcı turizm sərgilərindən olan “Holiday&SPA EXPO” 35-ci beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Bakı. Bolqarıstanın aparıcı turizm sərgilərindən olan “Holiday&SPA EXPO” 35-ci beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub. Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgi səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə Sofiyanın İnter Expo Mərkəzində baş tutub. Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur paketlər təqdim edilib, ölkəmizin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.