Əl-Mazrui: "OPEC+ 2018-ci ildən sonra üçün əməkdaşlıq anlaşması hazırlayır"


İqtisadiyyat 20 Fev 2018 16:54:03 302 0

Əl-Mazrui: "OPEC+ 2018-ci ildən sonra üçün əməkdaşlıq anlaşması hazırlayır"

BP: 2040-cı ilə qədər neftə tələbat artmağa davam edəcək

 OPEC+ 2018-ci ildən sonrakı dövr üçün əməkdaşlıq barədə anlaşma hazırlayır. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Mazrui Britaniya Energetika İnstitutu tərəfindən keçirilən Beynəlxalq Neft Həftəsində (IPW) bildirib.

"Birgə əməkdaşlıq anlaşması formalaşma mərhələsindədir. Anlaşma qəbul edilərsə, OPEC-in təsiri daha da güclənəcək", - deyə nazir qeyd edib. Əl-Mazrui həmçinin qeyd edib ki, "bu il neft bazarının tarazlıq əldə etməsi üçün çalışırıq. Rusiya anlaşmanın əsas üzvüdür. Bu günə qədər olan razılıq, əməkdaşlıq, qarşılıqlı maraqların qorunması onu deməyə əsas verir ki, hazırlanan yeni format hər bir üzv tərəfindən qəbul ediləcək".

Əl-Mazrui yaxın 20 ildə dünya iqtisadiyyatını neftlə təmin etmək üçün sektora 10 trln. dollar investisiya qoyuluşu lazım gəldiyini bildirib: "Bu məqsədə çatmaq üçün bu gündən hərəkət etmək lazımdır".

Konfransda iştirak edən BP şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) qeyd edib ki, 2040-cı ilə qədər neft istehlakı yüksək səviyyədə qalmağa davam edəcək: "Əgər cari tendensiya davam edərsə, 2040-cı ildə alternativ enerji məcmu enerji balansının 25%-ni təşkil edəcək. Qalan 75% isə yenə də neft, qaz, kömür olacaq. Paris iqlim anlaşması daha sürətlə həyata keçirilərsə, 2040-cı ilə qədər neft və qaz məcmu balansın 40%-ni təşkil edəcək".