"Abşeron" yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlənilir
İqtisadiyyat 20 Fev 2018 14:48:20 290 0
Layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti Bakıda ictimai dinləmələr keçirir
“Report” xəbər verir ki, bu barədə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub.
Yatağın işlənməsinin I mərhələsində gündəlik 4,3 mln. kubmetr qaz, 12 min barel kondensat hasilatı nəzərdə tutulur.
"Abşeron" yatağından ilk faza çərçivəsində ildə 1,5 mlrd. kubmetr, 2022-2023-cu illərdə isə ikinci faza üzrə 5 mlrd. kubmetr qaz hasilatı gözlənilir.
Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir.
"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.