"Report": ABŞ istiqrazlarının gəlirliliyinin artması digər ölkələrə maliyyə problemi yaradacaq


Digərləri 20 Fev 2018 14:08:01 180 0

"Report": ABŞ istiqrazlarının gəlirliliyinin artması digər ölkələrə maliyyə problemi yaradacaq

Bunun nəticəsində, inkişafda olan ölkələr üçün xarici bazardan borclanmaq daha da çətinləşəcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi artmağa davam edir. "Report" xəbər verir ki, ABŞ Xəzinədarlığı bu gün 151 mlrd. dollarlıq istiqraz emissiya edəcək. Sabah isə Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) FED-in son monetar iclasının yekunları ilə bağlı protokolları açıqlayacaq.

ABŞ-da inflyasiyanın sürətlənməsi fonunda investorlar FED-in uçot dərəcəsini 2018-ci ildə 4 dəfə artıracağını düşünürlər. Bu səbəbdən, bu gün keçiriləcək istiqraz emissiyası öncəsi ABŞ-da 2 illik istiqrazların gəlirliliyi son 10 ilin maksimal həddi - 2,22%-ə, 5 illiklər isə 2,66%-ə yüksəlib, 10 illik istiqrazların gəlirliliyi isə 2,9%-i ötüb.

"Report"un analitik qrupu bildirir ki, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması bütün dünya qiymətli kağızlar bazarına və bank sisteminə təsir göstərəcək: "Əgər əvvəllər inkişaf etməkdə olan ölkələr aşağı faizlə (2-3%) xaricdən maliyyə mənbəyi tapa bilirdilərsə, artıq bundan sonra faizlər 5-6%-ə yüksələcək. Bu il FED-in uçot dərəcəsini 4 dəfə, yəni ən azı hazırkı 1,5% səviyyəsindən 2,5%-ə yüksəldəcəyi fərz edilirsə, o zaman ABŞ istiqrazlarında gəlirlilik 4-4,5%-ə, dünya bazarında isə 6-7%-ə çatacaq. Çünki ABŞ istiqrazları olan yerdə investorlar hər hansı maliyyə problemi olan ölkənin istiqrazlarını almayacaq. Bu da tədiyyə balansında kəsiri olan bir çox ölkənin maliyyələşməsinə mənfi təsir göstərəcək. Bura qlobal maliyyə böhranı da əlavə olunsa, o zaman faizlər daha da yüksək səviyyəyə çataraq maliyyə böhranının dərinləşməsinə gətirib çıxaracaq. Getdikcə, ABŞ və inkişaf etməkdə olan ölkələrin istiqrazlarının gəlirliliyi arasındakı spred də artacaq".