Pakistan Prezidenti: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"


İqtisadiyyat 20 Fev 2018 10:56:52 279 0

Pakistan Prezidenti: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"

Samir Şərifov: "Rəsmi Bakı İslamabadla iqtisadi əlaqələri genişlənmdirməkdə maraqlıdır"

"Pakistanla Azərbaycan arasındakı ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var və biz bu potensialdan istifadə etməliyik". “Report”un Pakistan mediasına istinadən verdiyi xəbərə görə, bunu ötən gün Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Pakistan Prezidenti Məmnun Hüseyn deyib.

M.Hüseynin sözlərinə görə, birgə layihələrin reallaşdırılması ilə yanaşı, treyder və sənaye mütəxəssislərindən ibarət nümayəndə heyətlərinin səfərlərinə ehtiyac var.

Görüş zamanı S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu Pakistan Prezidentinə çatdırıb.

Azərbaycanlı nazirin fikrincə, regional və beynəlxalq məsələlər üzrə hər iki ölkə mövqeyi üst-üstə düşür və bir-birinə daim dəstək verir.

M.Hüseyn deyib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və Azərbaycanın beynəlxalq çərçivədə qəbul edilən sərhədlərinə hörmətlə yanaşır. Onun sözlərinə görə, rəsmi İslamabad Kəşmir məsələsində Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirir.

S.Şərifov isə Azərbaycanın Kəşmir məsələsində Pakistanı dəstəklədiyini və bu münaqişənin BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində həll ediləcəyinə ümid etdiyini bildirib. Azərbaycanın maliyyə naziri həmçinin rəsmi Bakının İslamabadla iqtisadi əlaqələri genişlənmdirməkdə maraqlı olduğunu açıqlayıb.