Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır


Digərləri 20 Fev 2018 08:41:00 276 0

Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır

Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin - avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır. Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni taksi növünün istifadəyə verilməsinin təşəbbüskarı qismində Almaniyanın "Volocopter" şirkəti ilə əməkdaşlıq edən Dubay Yol və Nəqliyyat İdarəsi çıxış edir.

İdarənin məlumatına görə, hava taksisi yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verəcək. İdarəetmə "GPS" naviqatoru əsasında xüsusi marşrut proqramlaşdırma sistemi vasitəsilə fəaliyyət göstərən avtopilot tərəfindən həyata keçiriləcək. Taksinin hərəkətinə nəzarəti Yerdəki operator edəcək.

Təqdimat materiallarında qeyd olunur ki, elektriklə işləyəcək hava taksisi ekoloji təmiz nəqliyyat növüdür. Layihəyə görə, uçuşun maksimal müddəti 30 dəqiqə, maksimal sürəti 100 km/saat təşkil edəcək.