Yeni çəkilənlər klassik filmləri əvəz edə bilirmi?


Kriminal 19 Fev 2018 22:52:00 290 0

Yeni çəkilənlər klassik filmləri əvəz edə bilirmi?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!" Rəhmətlik Səməndər Rzayevin "Bəyin oğurlanması" filmində dediyi bu sözlərdə həqiqət payı böyükdür. Qəliz olduğu qədər vacib olan kino insanların həyatında, dünyagörüşündə əhəmiyyətli rol oynayır. Son dövrlər film sahəsində olan inkişaf danılmazdır. Artıq yeni çəkilən kinoların sayı da həddən artıq çoxalıb. Bu gün internetdə axtarış edərkən qarşımıza o qədər yerli film çıxır ki, hansına baxacağımızı bilmirik. Doğrudur, say artıb, bəs keyfiyyət? Bu gün vaxt sərf edib baxdığımız yeni çəkilən ekran işləri klassik filmlərimizi əvəz edə bilirmi?

"90 faiz filmlərimiz klassikləri əvəz edə bilmir"   Masər Həsənov - tələbə   Masər düşünür ki, indi çəkilənlər klassik filmləri əvəz edə bilmir: "Hazırda  kommersiya məqsədi ilə çəkilmiş çoxlu sayda komediyalar var. Fikirləşirəm ki, komediya filmində gülüş düşündürücü olmalıdır. İzləyici filmə baxıb gülüb, sonra həmin filmi unutmamalıdır. Filmləri elə çəkmək, hətta dialoqları elə qurmaq lazımdır ki, izləyicilər kinoteatrdan çıxdıqdan sonra oradakı replikalardan həyatda da istifadə edə bilsin. Məncə, bu gün çəkilişlərdə istifadə olunan texnika bizim filmlərin keyfiyyətini çox artırıb. Amma bəzi ssenaristlərimiz, aktyorlarımız, rejissor və operatorlarımız həmin texnologiya qədər inkişaf edə bilməyiblər. Kinoların 90 faizində boş dialoqlar, boş aktyor oyunu və boş kadrlar daha çoxdur. Biz niyə 40-50 il əvvəl çəkilən filmlərdə istifadə olunan sözlərdən indi də öz aramızda danışarkən işlədirik? Çünki o dövrdə sözə qiymət verilirdi".

Həmsöhbətimiz bildirir ki, indi cavan rejissorlarımız çox maraqlı filmlər çəkir: "Həm komediya, həm dram janrında filmlər çəkən çox gözəl rejissorlarımız var. Mən inanıram ki, yaxın gələcəkdə, 6-7 il ərzində çox böyük inkişaf baş verəcək. Filmlərimizin sönmüş barıtının qığılcımlarının gələcəkdə daha gur alovlanacağına inanıram. Təəssüf ki, hazırda 90 faiz filmlərimiz klassiklərimizi əvəz edə bilmir. Cavan rejissorlara, həmkarlarıma təklif edirəm ki, gələcəkdə Azərbaycan filminin hər yerdə tanınması ilə bağlı oturub birlikdə düşünək, bu istiqamətdə birgə addımlayaq, xəyallarımızı həyata keçirib irəliləyək. Tək ümid etməklə bu iş alınmaz. Çox yaxşı olardı ki, korifeylərimiz də dəstək olub bizə yol göstərsinlər".   


Xəbərə aid fotolar