Murad Arif ailəsindən danışdı: "Çox qısqancdır və..."


Şou-biznes 19 Fev 2018 18:25:00 294 0

Murad Arif ailəsindən danışdı: "Çox qısqancdır və..."

Son.az xəbər verir ki, ailem.az-ın bu dəfəki müsahibi bəstəkar, müğənni, aparıcı Murad Arifdir.

- Murad bəy, deyəsən ailə qurduğunuz xanım əcnəbi vətəndaşdır. Onunla harada tanış olmuşdunuz? - Xeyr, xanımım azərbaycanlıdır. Sadəcə olaraq Avropada yaşayırdılar. Bir forumda fikir mübadiləsi edirdik, müəyyən məqalələr paylaşırdıq. Onun məqalələri mənim xoşuma gəlirdi, mənim məqalələrim onun.

- Bəs necə oldu ki,  bu münasibətlər sevgiyə çevrildi? - Yəni hamının həyatında olduğu kimi. Küsdük barışdıq, küsdük barışdıq... Və anladıq ki, hər küsüb barışma yeni-yeni mahnılarla müşayiət olunur. Mən sevəndən sonra bəstəkar olmağa başladım. Əvvəl yazmırdım. Sadəcə uşaqlıqda yazırdım, fortepianoya gedəndə uydururdum, amma ciddi yanaşmırdım. Bu hisslər hansısa bir mətnə çevriləndən, mahnını artıq içimdə saxlaya bilməyəndən sonra mən anladım ki, hər şey çox ciddidir.

- Deməli, bəstələriniz o xanıma bir xitab olub? - Bəli, hamısı onundur, ona həsr olunub. Bütün mahnılarım da. Misal üçün, "İstanbul" mahnısı. İstanbul orada şərtidir. İstanbulun yerinə Stokholm olmalı idi. Sadəcə Stokholm mahnıda oxunmur. Mən də dəyişib elədim İstanbul. Amma mətninə nəzər yetirsəniz, şəhər, meqapolis, ağaclar, niyə ayrıldıq biz? Suallar. Bu şəhərdə sevgimizi tapdıq itirdik". Bu, bizim sevgimizdir. Yaxud "Bizi ayırdı təyyarələr", "Bu şəhər ikimizə dar". "Sənə ehtiyacım var", "Səni düşündüyüm qədər heç kəsi düşünmədim", "Ona nə var ki". Yəni bütün mahnılarda bir az o var. Bütün mahnılar onundur, ta bu günə kimi.

- Belə çıxır ki, bütün mahnılarınız avtobioqrafikdir? - Deyə bilmərəm, bütün mahnılarım avtobioqrafikdir. Müəllif hərdən ifaçını, mahnının tutmaq ehtimalını nəzərə almalıdır, nələrisə dəyişməlidir. Məsələn, Stokholmu edirəm İstanbul, satıram xalqa, cəmiyyətə. Amma özüm orada nə demək istədiyimi bilirəm.

- Bu cür romantik sevginin yəqin ki, romantik bir evlilik təklifi də olub... - Sonuncu barışıqdan sonra dedim ki, bu işin axırı yoxdur. Gedib qayıdıram bumeranq kimi. Gəl, birdəfəlik köç Bakıya, bir yerdə yaşayaq. Necə evlilik təklif etdim? Yəni o dizi yerə qoymaq, üzük çıxartmaq filan olmadı. Amma ondan da maraqlı idi...

- Necə? - Dekabrın 31-i idi. Bakıda dəniz kənarı bir məkanda səhnəyə çıxmışdım. O da ailəsi ilə İsveçdə idi. İndiki kimi xatırlayıram, müğənni Elnur Hüseynov da oradaydı. Mesaj yazıb yeni ilini təbrik etdim. Ona xitab elədim ki, gələcək uşaqlarımın anası, yeni ilin mübarək. Gördüyünüz kimi, mən heç vaxt təklif etmirəm. Həmişə insanın qarşısında fakt kimi deyirəm ki, bu belədir, vəssalam. Yəni təklif edim, rəy soruşum, cavab gözləyim. Fakt olaraq söylədim ki, sən mənim üçün həyatda bu mövqedəsən. O da bilirdi ki, mən çox inadkaram, həmişə istədiyimi alanam. Bəxtim onda gətirdi ki, hisslərimiz qarşılıqlı idi.

- Bəs elçilərinizi nə zaman göndərdiniz? - İl yarım sonra "atamı, anamı incitməmişəm, elçiliyə təkcə özüm getmişəm". Burada qohumlar görüşdülər. Özüm isə tək onlara, Stokholma yollandım. Çamadanlarımı yığıb getdim niyyətimi onun valideynlərinə bildirməyə. Şaxtalı, nağıl kimi günlərdən idi. Ürəyimi açdım və onlar da mənim ürəyimi qırmadılar. Çünki buradakı qohumlar atam, anamla əvvəlcədən görüşmüşdülər. Yəni biz burada ailə daxili görüşümüzü etmişdik. Əsas valideynlərlə görüşmək qalmışdı ki, onu da özüm etdim. Atam, anam çox yaşlıdırlar. Yəni onların təyyarəyə minmələri real deyil. Mənim də anam, atamdan başqa kimim var ki?! Özüm etdim elçiliyimi...

- Qızlarını uzaq bir yerə göndərməyə necə razılıq verdilər? - Onlar mənim səmimiyyətimi hiss etdi. Valideyn üçün evin tək qızını uzaq məmləkətə vermək təbii ki, çətindir. Onların evləri, işləri, yaşayışları, çevrələri oradadır. Mənim yoldaşım uşaqlıqdan orda olub. Orta məktəbi, ali məktəbi bitirib, işləyib. O və valideynlərinin həyatı tamamilə orada formalaşıb. Bu da elə bir məqamdır ki, qarşı tərəfin ciddi olduğunu hiss etməli idilər.

- Cəmiyyətdə belə bir rəy var ki, şou adamları ilə ailə qurmaq çətindir... - Bəli, bu insanlarla ailə həyatı quranlar çətinlik çəkir. İstər qadınlar, istər kişilər. Amma mən hesab edirəm ki, adamın özündən çox şey asılıdır. İnsanla ünsiyyətdə olanda bilirsən ki, qarşındakı necə adamdır. Bu iş alındı və o vaxtdan bir yerdəyik, Bakıda. 7 ilimiz tamam olacaq. Sentyabrın 27-də öz ad günümdə toyumuz oldu, özümə hədiyyə etdim. Toya 250 nəfər özümə yaxın adam çağırdım. Şou əhli o qədər də yox idi. Hamını çağıra bilərdim, amma toyu pul yığmaq, media, şou üçün etmirdim. Bu, mənim şəxsi həyat addımım idi. Ona görə də xudmani və ürəyim istəyən məclis oldu.