Ruslan Qurbanov Qurana niyə and içdi? - müsahibə


İdman 19 Fev 2018 10:29:00 251 0

Ruslan Qurbanov Qurana niyə and içdi? - müsahibə

"Qəbələ"nin və Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovun "Zirə" ilə oyundan sonra baş vermiş insidentlə əlaqədar "Report"a müsahibə verib.

Goal.az həmin müsahibəni təqdim edir:

- "Zirə" ilə oyunun sonlarında baş vermiş insidentin iştirakçılarından idiniz. Orada nə baş verdi?

- İnanın ki, heç bilmirəm. Bir də gördüm ki, Sadio Tounkara və Ürfan Abbasov bir-birini itələyir. Həmin vaxt mən ümumiyyətlə arxada idim. Bunu videodan da görmək olar. Amma onlar sanki mənim əleyhimə danışmaq üçün razılaşıblar.

- "Zirə"nin hücumçusu Riçard Qadze verdiyi açıqlamada Sizi rasizmdə günahlandırıb...

- Belə şeyləri eşidəndə gülməyim gəlir. Ola bilsin, Qadze məni kiminləsə səhv salıb. Ümumiyyətlə, mən onunla mübahisə etməmişəm, hətta danışmamışam da. Boş-boş danışmasın. Allah hər şeyi görür. Həmin vəziyyətdə mən təmizəm.

- Elə isə toqquşma zamanı niyə fəallardan idiniz?

- Bir daha deyirəm: Qadze ilə ümumiyyətlə ünsiyyətim olmayıb. Bilmirəm bu, hardan çıxdı. Yalnız Tounkaraya bir neçə kəlmə demişəm. O isə cavab olaraq, elə sözlər söylədi ki, onları ömrüm boyu açıqlaya bilmərəm. Məni buna məcbur etməsin.

- Qadze deyib ki, Ruslan Qurbanov müsəlmandırsa, irqçilik etmədiyini Qurana and içərək söyləsin...

- Əlimi Qurana basaraq, and içə bilərəm ki, heç vaxt elə sözlər deməmişəm. Xüsusən də Qadzeyə. Onunla ümumiyyətlə, mübahisəm olmayıb. Nəyə görə adımı bu söhbətdə hallandırırlar?

- Bəlkə Qadze demək istəyib ki, Siz Tounkaranı rasist ifadələrlə təhqir etmisiniz?

- Belə şey olmayıb. Açığı, belə ittihamlar gülməlidir. Heç vaxt irqçi ifadələri dilimə gətirmərəm. Guya kimisə təhqir etdiyimi uydurmaq lazım deyil. Allaha and içirəm ki, onunla ümumiyyətlə, danışmamışam. Nə Qadzeyə, nə də Tounkaraya belə sözlər demişəm. Elə yazılıb ki, guya mən Qadzeyə hücum etmişəm. Amma videoya baxdıqda əslində hər şeyin əksinə olduğu görünür. Sarı vərəqəm var idi. Ona görə də bilirdim ki, məni təxribata çəkəcəklər. Ola bilsin, Tounkara buna görə belə oynamağa başladı. Lakin mən təxribata uymadım.

- Düşünmürsünüz ki, çılğın xarakteriniz üzündən adınız tez-tez qalmaqallarda adınız hallanır?

- Uduzmağa öyrəşməmişəm. Ola bilsin, buna görə emosionalam. Lazımsız və həqiqətə uyğun olmayan sözlərlə mənim nüfuzuma xələl gətirməsinlər. Məgər mən deyirəmmi ki, Tounkara belə oynayıb (ayağındakı kəsiyi göstərir)? Bu, qasıq nahiyəsidir. Tounkara bu cür zərbə endirir, mən isə kobud heç nə demirəm. Çünki futbolda belə şeylər olur. Ona sadəcə, demişəm ki, səliqəli oyna. O isə mənə söyüşlə cavab qaytarıb. Bundan sonra mən də onu söymüşəm. Başa düşmürəm, burada Qadzelik nə var? Onunla heç nə danışmamışam və münasibətlərimizi aydınlaşdırmamışıq.