PAŞA Bank-dan Azərbaycan bazarında İLK


Digərləri 19 Fev 2018 10:21:00 201 0

PAŞA Bank-dan Azərbaycan bazarında İLK

PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq sindikatlaşdırılmış kreditin ayrılmasını təşkil edib

Bakı. Azərbaycanın ən iri banklarından biri PAŞA Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı qismində çıxış edib. Krediti alan tərəf isə səhmləri London birjasinda ticarət olunan "Anglo Asian Mining Plc" şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda, ölkəmizin qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı Azerbaijan "International Mining Company Limited" şirkəti olub. Bankdan Trend-ə verilən məlumata görə, bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olub. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir. “PAŞA Bankın maliyyə stabilliyini və kredit bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə müştərimizin maliyyələşdirilməsini təşkil etdik. Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov fikrini tamamladı.