Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib


Siyasət 18 Fev 2018 21:30:20 273 0

Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib

ADR-in 100 illiyi ilə bağlı Fransada bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılıb

Fevralın 16-da Azərbaycan Dostları Assosiasiyasının (ADA) İcra Şurası Fransanın Udan şəhərində növbəti Parisdənkənar iclasını keçirib.

Assosiasiyadan "Report"a verilən məlumata görə, iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və Assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə baş tutub.

Assosiasiyanın prezidenti sessiyanı açaraq gündəmə daxil olan iş planını iclas heyətinə təqdim edib. Sessiya zamanı yeni idarə heyəti üzvlərinin seçilməsi, baş assambleya zamanı təsdiqlənmiş və 2018-ci il üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi müzakirə olunub.

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib.

Təşkilatın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist Jan Pyer Alali vitse-prezident, Mirvari Fətəliyeva isə 3 il müddətinə baş katib vəzifəsinə seçilib.

Assosiasiyanın ötən il ərzində fəaliyyətini isıqlandıran məlumat xarakterli layihə sessiya üzvlərinə təqdim olunub. Yarandığı gündən görülən işlər sayəsində ölkəmizin Fransada yaxından tanınmasında böyük rolu olan assosiasiyanın fəaliyyətini icra şurası üzvləri yüksək qiymətləndiriblər.

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələrinin müzakirəsinə başlanılıb. ADA fəaliyyətinin daha da inkişaf etməsi üçün müəyyən strategiya və direktivlər nəzərdən keçirilib, şura üzvlərinin təklifləri dinlənilib. Jan Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada tanınması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.

Daha sonra Udan şəhər meri J.M Tatar Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə məlumat verib.

ADA-nın nümayəndə heyəti şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.