Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?


Digərləri 18 Fev 2018 20:47:00 288 0

Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?

"The Guardian" yazır ki, Chelsea futbol klubunun sahibi, oliqarx Roman Abramoviç London məhkəməsində iki başqa Rusiya oliqarxı ilə Rusiyanın ən böyük mədən şirkətinin sahibliyi uğrunda çəkişməyə girməli olub.

Daha doğrusu, Abramoviçi məhkəməyə Oleq Deripaska verib. Onun məqsədi Abramoviçin özünün Norilsk Nickel (Nornikel) şirkətindəki səhm payını Deripaskanın düşməni Vladimir Potaninə satmasının qarşısını almaqdır.

Sərvəti 8, 4 milyard dollar təxmin olunan Deripaska, sərvəti 20 milyard dollar təxmin olunan Potaninlə Nornikelə nəzarət etmək üçün illərdir ki, rəqabət aparırlar.

Roman Abramovich

"The Guardian" yazır ki, bu mübahisə 2012-ci ildə prezident Vladimir Putinin müdaxiləsi ilə müvəqqəti də olsa çözülmüşdü. O vaxt Rusiya prezidenti şirkətdə daha az payı olan Abramoviçi "ağ cəngavər" elan etmişdi.

Sırf ingilis ifadəsi olan "ağ cəngavər" izahı kifayət qədər problemli olan tarixi frazeologiyadır, amma sadə dillə "barışdıran" kimi də izah oluna bilər. Bu şirkətdəki payı 5 faiz, yəni 2, 1 milyard dollar olan Abramoviç doğrudan da hərəsinin bu şirkətdəki payı 30 faiz olan Potanin və Deripaska arasında pariteti saxlaya bilmişdi.

Amma 5 il müddətinə bağlanmış bu sülh paktının vaxtı 2017-ci ilin dekabrında bitib və Abramoviç, bəzi xəbərlərə görə öz payını Potaninə satmağa çalışır.

Ötən cümə günü Deripaskanın Rusal allüminium şirkəti Londonda Ali Məhkəməyə müraciət edib ki, Abramoviçin investisiya firması öz səhmlərini Whiteleave şirkətinə sata bilməsin.