Qadın xəstəlikləri qızlara atalarından keçir


Digərləri 18 Fev 2018 20:48:00 268 0

Qadın xəstəlikləri qızlara atalarından keçir

"The Telegraph" yazır ki, alimlər qadınlarda baş verən yumurtalıq xərçənginin onlara irsən atalarından keçdiyini ilk dəfə olaraq aşkar ediblər.

Yeni genetik araşdırma nəhayət niyə bəzi bacılarda yumurtalıq xərçəngi riskinin onların analarından daha çox olduğu barədə suala cavab verib.

Bəzən "sakit qatil" adlandırılan yumurtalıq xərçəngi Böyük Britaniyada qurbanlarının sayına görə dördüncü ən ölümcül xəstəlikdir. Hər il Birləşmiş Krallıqda yumurtalıq xərçəngindən 4100 qadın vəfat edir və 7400 yeni diaqnoz qoyulur.

Bu xəstəlik qadınları adətən menopauzadan sonra tutur. Yumurtalıq xərçəngi hallarının yarıdan çoxu yaşı 63-dən yuxarı qadınlarda aşkar olunur.

Lakin yeni araşdırma göstərib ki, bu xəstəliyi irsən atalarından qəbul etmiş qadınlarda yumurtalıq xərçəngi onu analarından qəbul etmiş qadınlardan orta hesabla 6 il tez baş qaldırır.

Bu son dərəcə qorxulu xəstəlikdir və ona tutulanların 46 faizi 5 il müddətində yaşaya bilir. Bu ona görə belə olur ki, yumurtalıq xərçəngini çox vaxt o, başqa orqanlara yayılanadək aşkar etmək olmur.

Buna görə də son elmi tapıntı diaqnozların daha tez qoyulmasına yol aça bilər. Bunun üçün sadəcə olaraq xəstəliyin ailə tarixinin anketlər vasitəsilə öyrənilməli və genetik analizlər həyata keçirilməlidir.

New York-dakı Roswell Park Xərçəng Mərkəzinin alimləri nənələrdən və onların qız nəvələrindən məlumat toplamış və xərçəngə tutulmuş 186 qadının X-xromosomunu təfərrüatlı öyrənmişlər.

Araşdırma nəticəsində məlum olub ki, atanın anasından irsən keçən xərçəng özünü daha erkən yaşda büruzə verir. Maraqlıdır ki, belə nəsillərdə atalar və oğullar arasında prostat vəzinin xərçəngi riski də yüksək olur.

Təcrübədə qadınların X-xromosomunda yumurtalıq xərçəngini törədən gen də aşkar olunub.