"Evinə getmişəm, amma aramızda heç nə olmayıb"


Digərləri 17 Fev 2018 23:28:00 321 0

"Evinə getmişəm, amma aramızda heç nə olmayıb"

Bakıda xanımı şantaj edərək ondan pul almaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib. Şantaj olunan xanım təqsirləndirilən şəxsə bir neçə dəfə pul və qızıl verib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu və şantajla pul tələb etməkdə təqsirləndirilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qadın Sevda Qasımov (ad və soy ad şərtidir) ifadə verib.

Zərərçəkmiş S.Q deyib ki, təqsirləndirilən şəxsi bir neçə il əvvəl tanıyıb: "Rakif Quliyevi bir müddət münasibətim olduğu Romanın dostu kimi tanımışam. Sonra biz Romanla ayrıldıq".

S.Q söyləyib ki, sevgilisi olan Roman adlı şəxs onu öz evlərinə dəvət edib. Elə bütün problemlər də bundan sonra başlayıb:

"2015-ci ildə Romanla görüşdük. Bir dəfə evlərinə getmişəm. Amma aramızda heç nə olmayıb. Mən onun pis niyyətini başa düşüb oradan ayrıldım.

Düz bir il sonra Rakif bundan xəbər tutdu. Məni rüsvay edəcəyini, ailəmə bu görüş haqqında və başqa sözlər deyəcəyi ilə hədələyib ona pul verməyimi istədi. Rakif deyirdi ki, ailəmə, tanışlarıma yayacaq ki, mən Romanın evinə getmişəm".

R.Quliyevə ilk dəfə 800 manat verdiyini söyləyən S.Q bildirib ki, daha sonra da şantaj edilib: "Sonra 1000, 1500 istədi. Əvəzində qızıl zinət əşyaları da vermişəm. Üzük, bilərzik, sırğa da vermişəm".

Məhkəmədə hakimin və dövlət ittihamçısının suallarını cavablandıran S.Q 2016-cı ilin noyabrından, mayına qədər şantaj edildiyini söyləyib.

"Hər dəfə də söz verirdi ki, artıq məni narahat etməyəcək. Hər dəfə də "Elmlər Akademiyası" metrostansiyasının yanında görüşmüşük"- deyə zərərçəkmiş qeyd edib.

Məhkəmədə məlum okub ki, R.Quliyev sonuncu dəfə də S.Q-dan 10 min manat tələb edib. Bu zaman S.Q Baş Mütəşəkkil Cinahətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.