Samir Abasov: "Oyundan öncə özümüzü alçalmış kimi hiss etdik" - müsahibə


İdman 17 Fev 2018 22:23:00 315 0

Samir Abasov: "Oyundan öncə özümüzü alçalmış kimi hiss etdik" - müsahibə

Topaz Premyer Liqasının XVI turu çərçivəsində evdə “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

Goal.az xəbər verir ki, mütəxəssis Sumqayıt adına vuruşduqlarını qeyd edib.

-    Bizim üçün əlamətdar oyun idi. Qələbəyə köklənmişdik. Bu gün sübut etdik ki, “Sumqayıt”ıq və mübarizəni meydanda aparırıq. Çox çılğın idim. Əlimdə imkan olsaydı, zədəli futbolçumu da meydana buraxardım. Uşaqlar oynadıqları şəhərin adına yaxşı mübarizə apardılar. Onların alnından öpürəm.

- Epizodların birində hakimə etiraz etdiniz və qovuldunuz. Nə baş vermişdi?

- Yox, səbəb bundan qaynaqlanmırdı. Ya oyunçum qırmızı vərəqə almalı idi, ya mən. Həmin epziodda topu vurdum və hakimə dedim ki, belə etmə, vəziyyətimiz yaxşı deyil. Açığı, orda nə etdiyimi bilmirdim. Düzgün iş görmədiyimi qəbul edirəm.

- Rəhbərlik birdən-birə getdi, dəyişikliklər ard-arda oldu. Özünüzü tərk edilmiş kimi hiss etmirsiniz?

- Bundan qabaq futbolçularıma belə hadisələrin baş verə biləcəyini demişdim. İndi də elə oldu. Düzü, oyundan öncə özümüzü alçalmış kimi hiss etdik. Amma bu gün qələbə qazandıq və ruhdan düşmədiyimizi sübut etdik.  

- Düşünmürsünüz ki, baş verən hadisələr “Sumqayıt”ın avrokuboka yolunun kəsilməsinə planlaşdırılmayıb?

- Əgər bunu istəmirlərsə, gəlsinlər, bunu meydanda həll edək. “Neftçi”yə və orda oynayanlara qarşı kin saxlamıram.

- Siz olsaydınız, bu vəziyyətdə postunuzu dəyişərdiniz?

- Kimdir məni prezident seçən?

- Oyundan öncə klubun vitse-prezidenti ilə saatyarımlıq görüşünüz oldu. Klub rəsmisi nə dedi?

- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Sadəcə, söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük. 

- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?

- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidi. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.

Apasport.az