Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?


Digərləri 17 Fev 2018 19:13:00 220 0

Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?

Beyin zədələnməsinin qeyri-adi yaradıcı istedadları üzə çıxarması ilə bağlı artan dəlillər mövcuddur. Bu, bizə dahilərin necə yarandığını öyrədə bilərmi?

1860-cı ilin yayı idi və Eadweard Muybridge-in kitabları qurtarırdı. Bir kitab satıcısı üçün bu yolverilməz idi.

San Francisco-da yerləşən dükanının başına qardaşını qoyan Muybridge yeni mal almaq üçün at arabası ilə yola düşür.

Amma haradan ağlına gələrdi ki, səyahəti dünyanı tamamilə dəyişəcək.

Yolunun şimal-şərqi Texasdan keçən hissəsində araba çətinliyə düşür. Belə ki, sürücünün qamçısı qırılır və atlar başılovlu çapmağa başlayır. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəki. Sonda araba bir ağaca çırpılır. Muybridge havaya qalxır və başı üzərində qayaya çırpılır.

O, doqquz gün sonra, 241 km aralıda yerləşən xəstəxanada gözlərini açır. Qəza nəticəsində onun bir sıra tibbi problemi yaranmışdı. Buraya ikili görmə, qıcolma tutmaları və qoxu, eşitmə və dad hissini itirmə daxil idi. Amma ən radikal dəyişiklik onun şəxsiyyəti ilə bağlı idi.

Əvvəllər Muybridge yaxşı biznes hissinə malik dostcanlı və açıqfikirli bir insan olubmuş. Sonralar isə o riskə getməyi sevən, ekssentrik və məkrli bir kişiyə çevrilib və daha sonra həyat yoldaşının sevgilisini öldürüb. Eləcə də o, çox güman ki, dahi olub.

Yaradıcı ideyaların haradan yarandığı sualına minilliklərdir ki, insanlar cavab tapa bilməyiblər.

Alimlərə əsasən bu, yorğunluqdan tutmuş darıxdırıcı həyata qədər bir çox şeydən qaynaqlana bilər. Dahilərin isə bu haqda dedikləri çox da inandırıcı səslənmir.

Platon, bunun ilahi dəliliyin nəticəsi olduğunu deyib. Bəlkə də Freydin inandığı kimi seksual istəklərin ucalmasından əmələ gəlir? Çaykovskiyə görə, evrika anları soyuq başla işləmək və texniki bilikdən doğur.

Lakin son dövrlərə qədər daha ağıllı insanlar bir şeyə inanıblar: yaradıcılıq beyin qabığımızın içindəki çəhrayı titrək kütlədə yaranır.

Heç şübhəsiz ki, beyin silkələnməsi, deşilməsi, ona elektrik ötürülməsi, güllələnməsi, hissələrə bölünməsi və ya oksigenin çatışmazlığı ani ölümə yol açacaq.

Beyinin sahibi nə qədər dahi olursa-olsun belə.

Eadweard Muybridge arabadan yıxılıb və bundan sonra həyatına yaradıcı dahi kimi davam edib

Qəzadan sonra, Muybridge gəmi ilə İngiltərəyə gələ biləcək qədər sağalır. Elə burada yaradıcılığı üzə çıxır. O, kitab tacirliyini atır və dünyanın ən məşhur fotoqraflarından birinə çevrilir.

Eləcə də o, məhsuldar ixtiraçı idi. Qəzadan qabaq bir dəfə belə olsun patent üçün müraciət etməyən Muybirdge, gələn iki onillik ərzində ən az 10 dəfə müraciət edir.

1877-ci ildə ona ixtirası ilə fotoqrafiyanı birləşdirmək ixtiyarı verən bir mərcə girir.

Rəvayətə əsasən, onun dəmiryol maqnatı olan zəngin dostu Leland Stanford atların uça bildiyinə inanırmış. Daha doğrusu inanırmış ki, atlar qaçarkən ayaqları yerdən eyni anda götürülür.

Muybridge isə əksini deyirmiş.

Bunu sübut etməkdən ötrü o, atların yarış həlqəsinə 12 kamera yerləşdirir və Stanford-un sevimli atı Occident qaçarkən gizli tel hərəkətə gələrək kameraları avtomatik işə salır.

Daha sonra, cəsarətli adı olan zopraksiskopu yaradır. Bu cihaz ona bir neçə şəkili sürətlə ardıcıl göstərmək imkanı verir və nəticədə hərəkətli foto əmələ gəlir.

Təəccüblü olsa da, at ani də olsa havada uçur. Muybridge-in lentə aldığı ilk filmdə atların uçması faktı təsdiqini tapır.

Muybridge-in kitab satıcısından yaradıcı dahiyə çevrilən taleyi, bunun qəzanın nəticəsi olması kimi söz-söhbətlərə təkan verirdi.

Mümkündür ki, o, "s dahilik sindromu" (ingiliscə: sudden savant syndrome) yaşayıb. Sindrom, beyin zədələnməsi və ya xəstəliyindən sonra müstəsna qabiliyyətlərin üzə çıxması ilə müşayiət olunur.

Son dərəcə nadir rast gəlinən bu sindrom, dünya üzrə yalnız 25 dəfə qeydə alınıb.

Ortopedik cərrah Tony Cicoria-nın 1994-cü ildə New York parklarından birində başına gələn hadisə çox maraqlıdır.

Onu ildırım vurmuşdu. Tam beynindən vuran ildırım həkimdə inanılmaz piano çalmaq sevgisi yaradıb.

Əvvəlcə başqa bəstəkarların musiqilərini çalan cərrah, çox keçmədən özü bəstələr yazmağa başlayır.

Hazırda o, pianoçu və bəstəkardır, eləcə də cərrahdır.

Ürəktutmasından sonra sınıqçıdan rəssama çevrilən Jon Sarkin-in də hekayəsi qəribədir. Rəsm çəkmək istəyi onda dərhal baş qaldırır.

Xəstəxanada bir çox müalicələr - nitq terapiyası, incəsənət terapiyası, fiziki terapiya, peşə müalicəsi, əqli müalicə - alan Sarkin, sonralar deyib: "Onlar əlimə rəngli qələm verdilər və şəkil çəkmək istədiyimi soruşdular. Mən də yaxşı dedim."

Onun ilk işi Massachusetts ştatının Gloucester şəhərində yerləşən evindəki kaktusun rəsmi olub.

Kaktus barmağa bənzər imiş. 50-ci illərin Qərb filmlərindəki kimi.

Gottfried Mind "rəssam alim" olub və pişikləri son dərəcə qeyri-adi dəqiqliklə çəkib

Hətta ilkin rəsmləri belə son dərəcə mücərrəd olub.

Rəsmlərinin bəzilərində budaqlar sarmaşan yaşıl ilanları, bəzilərində isə qırmızı ziqzaq pilləkənləri xatırladır.

Onun əsərləri The New York Times-da dərc olunub, albomların üzərində yer alıb və Pulitzer Mükafatı qalibi bir müəllifin kitabının üz qabığını bəzəyib.

Onların satış qiyməti 10 min dollarlarla ölçülür.

Ən möcüzəli hadisə isə Jason Padgett-in başına gəlib. O, 2002-ci ildə Washington ştatının Tacoma şəhərində olduğu bir barda hücuma məruz qalıb.

Hücumdan əvvəl Padgett kollecdən atılan və divan dükanında işləyən biri olub.

Onun həyatdakı ən əsas istəkləri partilərdə əylənmək və qızlarla vaxt keçirmək imiş. Riyaziyyata qəti marağı olmayıb və hətta məktəbdə cəbr dərslərinə girməyib.

Amma həmin gecə hər şey dəyişib. İlkin olaraq xəstəxanaya kəskin beyin silkələnməsi diaqnozu ilə aparılır.

"Yadıma gəlir ki, hər şey gözümə qəribə görünürdü. Amma bunu ağrıkəsici məqsədilə vurulan narkotik maddələrin təsiri kimi başa düşürdüm," o deyir.

"Səhəri mən ayıldım və hər şeyi su kimi görürdüm. Fırlanaraq aşağı gedən kiçik tangens xətlərinə bənzəyirdilər (düz xəttə toxunan, lakin onu kəsməyən əyri)."

O andan bəri Padgett-in dünyası həndəsi fiqurlar və şəbəkə xətləri ilə dolur. Riyaziyyata qarşı dərin marağı baş qaldırır və hazırda Pi formulu kimi formullar üçün qrafiklərinə görə çox məşhurdur.

Bir vaxtlar tangensin nə olduğunu bilmədiyinə isə inana bilmir.

"Özümü iki adam kimi hiss edirəm və anamla atam da eyni sözü deyirlər. Elə bil ki, iki fərqli uşaqları olub," o deyir.

Bəs bu niyə baş verir? Necə yaranır? Və dahiləri xüsusi edən şey haqqında bizə nə öyrədir?

Bu barədə iki aparıcı fikir mövcuddur. Birinci fikrə görə, əgər başınız harasa dəyibsə, təsiri bir doza LSD qəbulu ilə eyni olur.

Psixodelik narkotik vasitələr, beyində "xoşbəxtlik hormonu" adlanan serotonin hormonu səviyyəsini artıraraq yaradıcılığı artırır.