Daşıyıcı ana axtarışında olanların seçimi:


Digərləri 17 Fev 2018 19:03:00 333 0

Daşıyıcı ana axtarışında olanların seçimi:

Avropanın ən kasıb dövlətlərindən biri olan Ukrayna, övlad sahibi olmaq istəyənlərin üz tutduğu istiqamətə çevrilib. Təklif olunan məbləğ gənc qadınlar üçün cəlbedici görünsə də, istismar qorxusu yayılmaqdadır.

Anna* ilk dəfə daşıyıcı analıq haqqında 18 yaşı olarkən televiziya xəbərlərində eşidib.

O, orta məktəbi yenicə bitirmiş və Ukraynanın qərbində yerləşən yaşadığı kiçik şəhərdəki orta əsrlərdən qalan qalanı görməyə gələn turistlərin sayı çox olduğuna görə bir hoteldə işləməyə hazırlaşırmış.

Həmin işə görə ayda 200 dollar qazana bilərdi. Amma o, kiminsə övladını daşıyaraq 20 min dollara yaxın pul əldə edə biləcəyini öyrənir.

Yerli standartlara nəzərən Annanın ailəsi kasıb deyil.

Anası mühasibdir və hər zaman qızına dəstək olub.

Lakin daşıyıcı analığa onu, "daha çox şeyə sahib olmaq" həvəsi aparıb.

Bu halda ev təmiri, avtomobil, əşyalar kimi "bahalı şeylər" ala bilər.

Anna söhbət etdikcə lattesini əsəblə qarışdırır. Bu işi yüzlərlə qadın görsə də, daşıyıcı analıq Ukrayna rahat danışılan bir mövzu deyil.

Xarici cütlüklər Avropanın bu küncünə 2015-ci ildən axışmağa başlayıblar. Buna səbəb isə Asiyadakı daşıyıcılıq agentliklərinin istismar ucbatından bir-birinin ardınca bağlanması olub. Hindistan, Nepal və Tailanddan əli üzülən cütlüklər, daşıyıcı analığın təşkil olunduğu üç-beş yerdən biri sayılan Ukraynaya üz tutmağa başlayıblar.

"Ölkəmizə uşaq arzusunda olan o qədər cütlük gəlir ki. Konveyer kəməridir sanki," kimliyinin qorunmasını xahiş edən Anna deyir.

Bir neçə il hoteldə işlədikdən sonra, 21 yaşlı Anna daşıyıcı ana olmaq qərarına gəlir.

Artıq özünün də bir qızı var idi və özünü bu iş üçün münasib sayırdı.

Ukrayna qanunvericiliyinə əsasən, başqası üçün uşaq dünyaya gətirməmişdən əvvəl qadının özünün ən az bir övladı olmalıdır.

Əgər öz övladınız varsa, daşıyıcı ana kimi dünyaya gətirəcəyiniz uşağa bağlanmaq ehtimalı daha aşağıdır.

Anna, doğulub-böyüdüyü Kamanets-Podilski şəhərində qızına mənzil almağı arzulayır

Uzun səyahət

Anna, daşıyıcılar, agentlər, klinikalar və bu işi təşkil edən insanların reklam paylaşdıqları internet səhifələrini axtarmağa başlayır.

Çox keçmədən o, sağlamlıq yoxlanışı üçün şəhərindən 450 km uzaqda yerləşən paytaxt Kiyevə gedir. Anna, övladı olmayan bir sloveniyalı cütlük ilə müqavilə imzalayır.

Onun bəxti gətirir. Uşaqlığına yerləşdirilən embrion ilk dəfədən tutur.

Elə problemlər də bununla başlayır.

O, klinikanın göstərdiyi qayğının keyfiyyətinin sürətlə aşağı düşdüyünü deyir. Düzgün diaqnoz qoyulmayan və ya vaxtında müalicə almayan daşıyıcı anaların sağlamlıq problemləri daha da pis nəticələrə gətirir.

Anna bətninin kirayəsi ilə 20 min dollar qazanıb

O, başqa qadınlara xəbərdarlıq məqsədilə onlayn şikayətlər yazsa da, klinikadan hədə alır və indi də ictimai şəkildə ad sadalamaqdan çəkinir.

Dünyaya gətirdiyi uşaq sağlam olur, lakin bu təcrübədən sonra, Anna daha da ehtiyatlı davranır.

Bununla belə, Anna yenidən daşıyıcı ana olmaq qərarına gəlib. Bu dəfə isə yaponiyalı bir cütlük üçün. Onlar hər şeyi Kiyevdə yerləşən hüquqşünaslar vasitəsilə icra edirlər və çox güman ki, Anna onlarla şəxsən görüşməyəcək.

O, artıq bu dəfə xəstəxana seçimində daha tədbirli davranıb.

Hər şey yolunda gedərsə, 24 yaşına qədər Anna dünyaya üçüncü dəfə uşaq gətirəcək - biri özünün, ikisi başqalarının.

Avropanın daşıyıcılıq paytaxtı

Ukraynada daşıyıcılığa tələb, "ötən iki il ərzində təxminən 1000 faiz artıb," Sidneydə yerləşən və valideyn olmağa hazırlaşan insanlar üçün məsləhətxana rolunu icra edən xeyriyyə təşkilatı Families Through Surrogacy-dən Sam Everingham deyir.

"Ölkə birdən-birə özünün daşıyıcılıqla məşğul olan tək-tük ölkələr sırasında gördü," o əlavə edir.

Bunun qanuni olmasında savayı insanları cəlb edən digər fakt, Ukraynanın liberallığıdır.

Qanunvericilik, mayalanma anından "niyyətli valideynləri" bioloji valideynlər kimi tanıyır və daşıyıcıların təyin etdiyi məbləğdə məhdudiyyət qoymur.

Qadınlar öz qiymətlərini özləri müəyyənləşdirirlər və beləliklə açıq bazar yaranır.

Amma bu hər şeyin səsləndiyi kimi asan olduğu mənasına gəlmir. Müraciət etdiyiniz ölkədən asılı olaraq, uşağı Ukraynadan çıxarmaq prosesi bürokratik əngəllər yarada bilər.

Birləşmiş Krallıq da daxil olmaqla bir neçə ölkələrin cütlükləri orada aylarla qalmalı ola bilərlər.

Kiyevdə yerləşən Ilaya tibb mərkəzi kimi klinikalar, dünyanın hər bir yerindən müştərilər cəlb edirlər

Ukraynada bir çox xəstəxanalar şəffaf iş aparsalar və qadınlara qarşı yaxşı münasibət göstərsələr də, sənayenin içində olanlar və daşıyıcılar pis reputasiyalı klinikalar haqqında dedi-qodu edirlər.

Bəzi embrionların gizli şəkildə dəyişildiyi, hamilələrə aşağı səviyyəli yoxlanışlar və həddən artıq müştəri götürərək adekvat qayğı göstərə bilməyən operatorlar haqqında təsdiqlənməmiş söz-söhbətlər dolaşır.

"Bizim əlimizdə, uşaq düşəcəyi təqdirdə ciddi tələblərə riayət etməyən qadınlara pul ödəməkdən imtina edən Ukraynadakı agentliklərlə bağlı faktlar var," cənab Everingham deyir.

"Valideynlərin xeyrinə olmayan tərs hallarda daşıyıcı analara münasibətdə qəddar davranan agentliklər kimi dəhşətli misallar çəkə bilərik."


Xəbərə aid fotolar