Beynəlxalq Muğam Mərkəzində məşhur qarmonçalan Əhəd Əliyevin 125 illik yubileyi keçirildi


Digərləri 17 Fev 2018 17:06:31 206 0

Beynəlxalq Muğam Mərkəzində məşhur qarmonçalan Əhəd Əliyevin 125 illik yubileyi keçirildi

Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət”kanalının dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi.

Bakı. Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət”kanalının dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi. Trend-in məlumatına görə, tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Fəlsəfə doktoru Gülhüseyn Kazımlı əfsanəvi qarmonçalının həyat və yaradıcılığı haqqında məlumat verdi. 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10-12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilib. 1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti - qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar "Arşın mal alan" operettasındakı toy səhnəsində "Tərəkəmə" rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi. Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparmış və bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olub. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edən nümayəndələrin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi. Əhəd Əliyev 1942-ci ildə 49 yaşında Bakıda vəfat edib. Gecədə bəstəkar, Xalq artisti Tofiq Bakıxanov Əhəd Əliyev haqqında xatirələrini bölüşdü.YUNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi, sənətşünaslıq doktoru Sənubər Bağırova, Əhəd Əliyevin çalğı sənətinin xarakterik xüsusiyyətləri haqqında danışdı. Sənətşünaslıq doktoru, Əməkdar artist Zakir Mirzəyev və Əhsən Rəhmanlı Əhəd Əliyev yaradıcılığını elmi cəhətdən təhlil etdilər.