"Bir addım qalıb" Rövnəq Abdullayev


Digərləri 17 Fev 2018 12:05:00 260 0

"Bir addım qalıb"  Rövnəq Abdullayev

Son.az SOCAR-ın prezidenti Rövnəq Abdullayevin AZƏRTAC-a verdiyi müsahibəni təqdim edir: 

- Ötən il SOCAR-ın əsas nailiyyətləri nədən ibarət olub və 2018-ci ildə gözləntiləriniz nədir?

- 2017-ci ildə biz strateji hədəflərimizin çoxunu həyata keçirməyə nail olduq. Bu baxımdan, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilənin imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yeni müqaviləyə əsasən, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar həcmində bonus ödəyəcək, SOCAR-ın AÇG-dəki iştirak payı isə 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlərin investisiyalarından asılı olmayaraq, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.

Ötən il SOCAR tərəfdaş şirkətlərlə birlikdə 177 quyunun istismara verilməsini həyata keçirib. Şirkətin öz quyu fonduna isə 80 yeni quyu əlavə edilib. 2016-cı ilin sonlarında "Ümid" yatağında bir, ötən il "Bulla-dəniz" yatağında isə daha iki yüksəktəzyiqli və yüksəkhərarətli quyunun qazılmasına nail olduq. Bu quyular 6 min metrdən artıq dərinlikdə qazılıb.

Həmçinin biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında payımızın artırılması ən çox diqqət çəkən nailiyyətlərimizdəndir. SOCAR-ın ticarət qolu olan "SOCAR Trading" şirkəti Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir ki, bu da ötən il xam neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırmağa imkan yaradıb. Nəzərə almaq lazımdır ki, həmin həcmin 86 milyon tonunu üçüncü tərəflərin xam neft və neft məhsulları təşkil edib. Beləliklə, "SOCAR Trading" şirkəti xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. Bu, şirkətin 10 illik yubileyi ərəfəsində qazandığı böyük uğurdur. Bu nailiyyət, əsas etibarilə, "SOCAR Trading" şirkətinin Çin və Hyustonda ofislərinin genişləndirilməsi və "Ağır dizel yanacağı" kateqoriyası üzrə bazar payının artırılması sayəsində mümkün olub.

Eyni zamanda, böyük qürur hissi ilə qeyd etmək istərdik ki, bu il SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi - Türkiyədə TANAP, "Star" neft emalı zavodu, Gürcüstan və Azərbaycanda isə "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, "SOCAR Polymer" və "SOCAR Karbamid" zavodlarının inşası başa çatacaq və layihələr çərçivəsində istismara başlanılacaq. Bu isə, öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək, xarici valyuta axınını təmin edərək, minlərlə yeni iş yeri yaradacaq, Azərbaycanın və regionun iqtisadi inkişafına təkan verəcək.

- Azərbaycanda təbii qaza olan tələbat artmaqda davam edir. "Cənub Qaz Dəhlizi" layihəsinin təşəbbüskarı kimi, Azərbaycan gələcəkdə ölkənin artan təbii qaz tələbatını ödəməyə və Avropanın enerji təchizatı təhlükəsizliyinin təmin olunması öhdəliyini tam şəkildə yerinə yetirməyə müvəffəq olacaqmı?

- Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri, ərazi etibarilə Nyu-Yorkun Manhattan rayonunun ərazisinə bərabər olan "Şahdəniz" yatağı yerli və xarici bazarlara qaz təchizatını təmin edir. Yataqdan çıxarılan qaz həcminin müəyyən hissəsi zəmanət əsasında daxili bazar üçün nəzərdə tutulur. Bununla yanaşı, yatağın istismarının ikinci mərhələsində ildə əlavə 16 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu həcmlər 2018-ci ildən başlayaraq, Cənub Qaz Dəhlizinə yönəldiləcək.