Azərbaycanda Amerika Ticarət Palatası vergidə "depozit hesabı"nın ləğv olunmasını təklif edir


İqtisadiyyat 16 Fev 2018 17:58:57 333 0

Azərbaycanda Amerika Ticarət Palatası vergidə "depozit hesabı"nın ləğv olunmasını təklif edir

Bəxtiyar Aslanbəyli: "Bu addım ƏDV qaçaqmalçılığının qarşısını almaq üçün atılmışdı"

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Vergilər Nazirliyinə bir sıra təkliflər göndərəcək. 

“Report” xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti və "AmCham"ın Direktorlar Şurasının üzvü Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, təkliflər AmCham-ın vergi və gömrük komitəsi vasitəsi ilə irəli sürüləcək: “Hazırda təkliflərin üzərində iş gedir. Vergidə “Depozit hesabı” ilə bağlı məsələ aktualdır. Bu addım biznesə müəyyən problemlər yaratsa da, əlavə dəyər vergisi (ƏDV) qaçaqmalçılığının qarşısını almaq üçün atılmışdı (BP ƏDV-dən azaddır). Artıq ƏDV ilə bağlı problem yoxdur, amma digər problemlər var. “Depozit hesabı”nın olub-olmaması barədə düşünməyə dəyər. Çünki orda böyük vəsaitlər toplanır. Müəssisələr vergini ödədikdən sonra müəyyən məbləğ qalır. Bu da həm müəssisənin, həm də dövlətin marağında deyil”.

"AmCham" rəsmisi digər bir məsələnin əmək haqqında fiskal yüklə bağlı olduğunu deyib: “Müəssisələrin əmək haqqı ilə bağlı vergi yükü kifayət qədər çoxdur. Bu gün işəgötürənlər işçinin rəsmiləşdirilmiş maaşının 14%-i qədər gəlir vergisi, 25%-i qədər sosial sığorta haqqı ödəyirlər. Son nəticədə vergi təxminən 40%-ə gəlib çıxır. Anlamaq olar ki, pensiya təminatı və təqaüdlərin artırılması istiqamətində sosial ödəmələr vacibdir. Amma vergitutma bazasını aşağı salmaqla, uçotdan kənarlaşma problemini həll etmək olar”.

B.Aslanbəyli Azərbaycanda işəgötürənlərin inzibati xəclərinin çox olduğunu da deyib: "Fərdi sığorta nömrələrinin olması, fərdi sığorta hesablarının formalaşması yaxşı haldır. Vətəndaş harda işləməyindən asılı olmayaraq fərqli müəssisələrdə onun və işəgötürənin ödədiyi sosial sığorta haqları hesabda yığılır. Amma bununla bağlı inzibati xərclər çoxdur. Əmək və əhalinin sosial müdafiəsi nazirii Səlim Müslümov demişdi ki, bu sahədə islahatlar olacaq və gözləyirik”.