Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb


Sosial 16 Fev 2018 16:25:25 292 0

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir

Təhsil Nazirliyi 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı hazırlanan sənəd layihəsində yer alan yenilikləri açıqlayıb.

“Report”un xəbərinə görə, yeniliklər barədə danışan Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Şöbə müdiri bildirib ki, məktəbdə şagirdlər kifayət qədər çox imtahan verirlər: "Aparılan təhlillərə görə imtahanların sayı müəyyən qədər çoxdur. Bütün kənd məktəblərində bunu həyata keçirmək mümkünsüzdür. Şagirdlərin psixoloji gərginlik yaşaması da düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq".

Nazirlik rəsmisi vurğulayıb ki, qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək: "Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdi. Hazırkı sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Hesab edirik ki, gün ərzində 3-dən çox summativ olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti idi. Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub".

E.Əmrullayev əlavə edib ki, yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir: "Məsələn, şagird KSQ-dən 74 bal (4 qiyməti) toplayıb. Lakin yarım illik qiymət hesablandıqda KSQ-lərdən əldə edilən ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq".

O əlavə edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Dövlət İmtahan Mərkəzi artıq bununla bağlı rəyini təqdim edib və dəstəkləyib".

Qeyd edək ki, 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.

Xatırladaq ki, kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir. Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasəında şagirdlərin illik qiymətləri formalaşır.