Gömrük Hospitalının həkimi: "Leyla Şıxlinskaya" klinikasında aya 7-10 min manat pul alırdıq"


Sosial 16 Fev 2018 15:04:54 256 0

Gömrük Hospitalının həkimi: "Leyla Şıxlinskaya" klinikasında aya 7-10 min manat pul alırdıq"

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xalidə Məmmədova dindirilib.

O bildirib ki, daha əvvəl "Leyla Şıxlinskaya" klinikasında çalışıb, hazırda isə Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında (Mərkəzi Gömrük Hospitalı) həkim işləyir: "Hamilə qadınlar kassaya pul köçürürdülər, biz də əməliyyat edirdik. Ödənişin 50 faizi mənə qalırdı. Hər ayın sonunda kassadan Nadya xanım bizə pul verirdi. Adıma kart yox idi. Aya, təxminən, 7-10 min manat pul alırdıq".

Təqsirləndirilən şəxslərdən biri qeyd edib ki, həkim X.Məmmədova "Leyla Şıxlinskaya" klinikasında ayda 25-30 min manat pul alırdı.

Daha sonra digər şahid Elvin Süleymanov ifadə verib. O, "Leyla Şıxlinskaya" klinikasında daha əvvəl əməliyyat olunduğunu deyib: "Klinikaya nə qədər pul ödədiyim yadımda deyil".

Samirə Nağıyeva şahid qismində ifadə verən zaman klinikada daha əvvəl həkim işlədiyini deyib. O, ayda iki dəfə maaş aldığını bildirib: "Maaşı kassada Nadya xanım verirdi. Əvvəl 30-40 faiz, sonra 50 faizə işlədim. Bizə demişdilər ki, adımıza kart açılacaq. Üç ildir orada işləmirəm".

S.Nağıyeva istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.