SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək


Digərləri 16 Fev 2018 13:12:00 297 0

SOCAR  Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək.

Son.az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub. Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın Albgaz şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirilib.

Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) "SOCAR Balkan" şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR ilk dəfə olaraq Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu "SOCAR Balkan" şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov və Albgaz şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalayıblar.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanmış, Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilmişdi. Həmin dövrdən indiyədək Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə hökuməti, TAP və "Enagas" şirkəti kimi digər maraqlı tərəflərlə yanaşı, SOCAR-ın yüzfaizli törəmə şirkəti olan "SOCAR Balkan" şirkəti Albaniyanın qazlaşdırılması planında əsasən məsləhətçi qismində iştirak edir, həmçinin Balkan ölkələrində Azərbaycanın qaz ixrac strategiyasının tətbiqi istiqamətində işlər aparır. 2017-ci ilin yanvar ayında Albaniyanın qazlaşdırılmasına dair aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticəsində Fier və Vlora şəhərləri arasında qaz boru kəmərinin inşa edilməsinin zərurət olduğu müəyyənləşdirilib. Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin uzunluğu təxminən 40 km, illik ötürücü gücü, ilkin olaraq, 1 milyard kubmetr təşkil edəcək.