BP: Ötən il “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub


İqtisadiyyat 16 Fev 2018 12:49:21 291 0

BP: Ötən il “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub

"Şahdəniz 2" layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan işlər 99% tamamlanıb

“2017-ci il “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub. Hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 mln. təhlükəsiz adam/iş saatı sərf edilib".

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Qeyd olunub ki, hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

“Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

“Ötən il sentyabr ayının 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz 2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 mln.ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib." Xankəndi" gəmisi artıq dənizdə “Şahdəniz” yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, 2017-ci ildə “Şahdəniz 2” platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb: “Bu qurğular təhlükəsiz şəkildə yola salınıb və dənizdə quraşdırılıb, hazırda istismar sınaqları davam edir. Səngəçal terminalında “Şahdəniz 2” üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni “Şahdəniz 2” qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq “Şahdəniz 2” hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun”.

Məlumata görə, Şimal cinahında " Xankəndi" hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, “Şahdəniz 2” platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.