Proqnoz: Dollar 2,20 USD/EUR-ə qədər ucuzlaşacaq


İqtisadiyyat 16 Fev 2018 11:34:39 297 0

Proqnoz: Dollar 2,20 USD/EUR-ə qədər ucuzlaşacaq

Bazar oyunçularının əksəriyyəti dolların daha da ucuzlaşmasını gözləyirlər

"2018-ci ilin sonuna qədər USD/EUR məzənnəsi 1,43 səviyyəsinə, 15 illik dollar tsikllarına baxdıqda isə 2024-cü ilə qədər 2,20 həddinə qədər artacaq". 

"Report" xəbər verir ki, bu proqnozu "AG Bisset Associates" valyuta proqramları menecmenti şirkətinin baş investisiya mütəxəssisi Ulf Lindal (Ulf Lindahl) ABŞ-ın Mayami şəhərində keçirilən "TradeTech FX" konfransında bildirib.

Qeyd edək ki, konfransda valyuta bazarlarının 500-ə yaxın iştirakçısı toplaşıb. "Bank of America" tərəfindən sorğulanan investisiya fondları menecerlərinin ortaq fikri bu olub ki, dolların məzənnəsi ucuzlaşmağa davam edəcək. Dolların ucuzlaşmasına səbəb kimi fond menecerləri dünya iqtisadiyyatının sürətlənməsi fonunda mərkəzi bankların monetar stimullaşdırmanı azaltmasını göstəriblər. Analitiklərin fikrincə, bazarın əksər əsas oyunçularının dollarla bağlı bədbin əhval-ruhiyyəsi isə dolların ucuzlaşmasını bir qədər də sürətləndirəcək.

1,75 trln. dollar aktivlərə sahib olan "Amundi Pioneer Asset Management" investisiya şirkətinin istiqrazlar üzrə portfel meneceri Pareş Upadhyaya (Paresh Upadhyaya) bildirib ki, "mərkəzi banklar tərəfindən monetar stimullaşdırmanın tamamlanması dolların böyük ehtimalla daha 1-2 il ucuzlaşmasına səbəb olacaq. USD/EUR cütlüyü bu ucuzlaşma prosesində liderlik edəcək. Çox rahat şəkildə 1,30-1,35 USD/EUR səviyyəsi test ediləcək".