Akademik: "Azərbaycanda yetkin fərdlərdə defekt genlərin diaqnostikası aparılacaq"


Sosial 16 Fev 2018 11:14:59 290 0

Akademik: "Azərbaycanda yetkin fərdlərdə defekt genlərin diaqnostikası aparılacaq"

Əhliman Əmiraslanov bildirib ki, hazırda dünyada bir çox patologiyaların aradan qaldırılmasında kök hüceyrələrindən istifadə edilir

"Prenatal dövrdə, həmçinin yetkin fərdlərdə defekt genlərin diaqnostikasının aparılması üçün tədqiqatlar keçirilməsi planlaşdırılır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, AMEA gənc kadrlarını ABŞ və Çinə ezam edib və həmin ölkələrdə təcrübə keçirlər. 

Ə.Əmiraslanov bildirib ki, hazırda dünyada bir çox patologiyaların aradan qaldırılmasında kök hüceyrələrindən istifadə edilir: "Bu patologiyaların sayı getdikcə artdığından müalicə üçün kök hüceyrələrinin tətbiqi də genişlənir. Azərbaycanda kök hüceyrələrinin tədqiqi sahəsində tədqiqatlara başlanılıb və ölkədə Kök hüceyrələri Mərkəzinin yaradılması vaxtı çoxdan çatıb, bu barədə fikirləşmək lazımdır0".

O əlavə edib ki, bu gün elm sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır: "Eyni zamanda, konkret problemlərin həllinə yönəlmiş multidissiplinar tədqiqat qrupları yaradılmalıdır. Bu gün elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resurslar, müasir avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir".