Belə sürücülər məsuliyyət daşıyacaqlar


Digərləri 16 Fev 2018 10:19:00 224 0

Belə sürücülər məsuliyyət daşıyacaqlar

Azərbaycanda yük avtomobilləri və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan idarə edilməsinə görə məsuliyyət daşımalı olan şəxslərin dairəsi genişləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 37-ci, İnzibati Xətalar Məcəlləsinin isə 322 və 342-ci maddələlərinə dəyişikliklər edilməsi təklif olunur.

İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların taxoqraf olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Burada yalnız beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobuslarının sürücüləri məsuliyyət daşıyır. Dəyişikliklərə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairə genişləndirilir və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər əlavə edilir.

Qanun layihələrinə görə həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar. Dəyişikliklər beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması məqsədini daşıyır.

Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.