ABŞın məşhur şirkətində çalışan azərbaycanlı


Digərləri 16 Fev 2018 07:55:00 529 0

ABŞın məşhur şirkətində çalışan azərbaycanlı

Hatəm Şükür: "Məni inkişaf etməyə, üzərimdə işləməyə sövq edən və bunu tələb edən mühitdə çalışmağı çox sevirəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Çalışdığı sahə günbəgün yenilənir, o da bu sürətlə ayaqlaşmaq üçün daim özünü inkişaf etdirməyə çalışır. Çətinlikləri sevir, qarşısına məqsəd qoyub reallaşdırmaq üçün əlindən gələni edir. Amma bununla belə, şansa da inanır. Yəni, bilik və bacarıqlar öz yerində, müəyyən mənada insanın bəxti də gətirməlidir. Və bu cəhətdən özünü şanslı hesab edən müsahibimiz ABŞ-ın "Cisco" şirkətinin Polşa nümayəndəliyində Müştərilərə Texniki Dəstək mərkəzində mühəndis kimi çalışan azərbaycanlı gənc Hatəm Şükürdür.

Qeyd edək ki, Hatəm Şükür bundan əvvəl "Azərenerji" (Mühəndis), "Xalq Bank" (Şəbəkə inzibatçısı), "Azerfon" (İP Şəbəkəsi üzrə mühəndis) və "Azerconnect" (İP Şəbəkəsi üzrə mühəndis) şirkətlərində çalışıb.

- Bakalavr və magistr təhsilini biznesin təşkili və idarə edilməsi üzrə alıbsınız. Amma İT sahəsində çalışırsınız. - Demək olar ki, ali təhsil aldığım ixtisas üzrə işləməmişəm. Əslində, hələ məktəb illərindən informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağım olub. Sadəcə olaraq, ali məktəbə qəbul zamanı müsabiqə nəticəsində bu ixtisasa qəbul oldum. Təbii ki təhsilimin də İT üzrə olmasını istəyərdim.

- Maraq göstərdiyiniz sahəyə keçməyiniz necə oldu? O sahədə təhsil almamışdınız. Çətin olacağını düşünmədiniz? - Əslində, ali məktəbə qəbul olanda niyyətim biznes və iqtisadiyyat oxumaq deyildi. Mən daha çox informasiya texnologiyaları, tətbiqi riyaziyyat üzrə təhsil almaq istəyirdim. Universitetdə oxuyarkən də dərslərlə yanaşı, İT sahəsində də biliklər əldə etməyə çalışırdım. Təxminən, 3-cü kursun sonlarında dərs saatlarından sonra İT üzrə işləyirdim. Çox sadə İT işi ilə başladım. Çətin olması ilə bağlı sualı mən də özümə verirdim, təhsilimin o istiqamət üzrə olmadığını da başa düşürdüm. Amma mən ali təhsilimlə yanaşı, İT-ni də öyrənirdim. Həm də bəxtim onda gətirmişdi ki, ətrafımda bu sahədə çalışan təcrübəli insanlar çox idi. Onlar mənə yaxşı texniki mühəndis kimi yetişmək üçün nələri oxuyub-öyrənəcəyimlə bağlı istiqamət verirdilər.

- Ali təhsil aldığınız sahə indi sizə lazım olur? O istiqamətə zaman sərf etdiyiniz üçün peşman deyilsiniz? - Gələcək karyeramda gördüyüm bir məqsədim mühəndislik və texniki bacarıqla biznes və iqtisadiyyat biliyimi bir araya gətirməkdir. Bu sintez maraqlı səslənsə də, əvvəlcə o qədər də həvəsim yox idi. Məqsədyönlü addım olmasa da, hazırda düşünürəm ki, yaxşı ki, bu cür oldu. İnformasiya texnologiyalarını öyrəndim, təhsilim də iqtisadiyyat üzrə oldu. İki sahənin sintezini edə bilsəm, çox yaxşı ola bilər.

- Şəbəkə texnologiyalarını İT-nin maraqlı istiqamətlərindən biri olaraq qeyd edirlər. Bəs şəbəkə texnologiyaları istiqamətini nə vaxt seçdiniz? - İT-də birinci işim kompüterlərdə baş verən problemləri həll etmək idi. Tələbə olaraq işləməkdə əsas məqsədim İT-ni öyrənmək idi. Və işləyərkən məndə şəbəkə texnologiyalarına maraq yaranmışdı, gələcəkdə karyeramı sırf bu istiqamətdə görürdüm. Düşünürdüm ki, ali məktəbi bitirəndən sonra bu işi öyrənmək üçün mənə çox vaxt lazım ola bilər. Ona görə tələbə vaxtı o sahədə işləyib təcrübə yığmaq istədim. Birinci ümumi İT üzrə başladım, sonra artıq şəbəkə texnologiyalarına keçdim. O vaxt mənim iş saatlarım da məhdud idi, dərsdən sonra haradasa 4 saat işləməyə imkan olurdu. Maddi cəhətdən elə də böyük qazanc gətirmirdi, amma əsas məqsəd təcrübə olduğu üçün işləyirdim. Şəbəkə texnologiyaları sahəsinə marağım sonsuzdur. Ümumilikdə, İT-ni seçməyimə səbəb o oldu ki, bu sahə mənim üçün maraqlı idi. Hələ orta məktəb illərində düşünürdüm ki, necə olur ki, dünyanın bir nöqtəsində olan şəxslə o biri nöqtəsində olan şəxs real zamanda əlaqədə olurlar? Yaxud biz faylları necə göndəririk? İlkin maraq belə başlamışdı. Sonra da işin dərinliyinə getdikcə daha da sevdim. Bu sahəni seçdiyimə görə heç də peşman deyiləm.

- Çalışdığınız iş yerlərinə baxanda görünür ki, çoxunda bir ildən bir az çox işləyibsiniz. İş yerlərində nədənsə, çox qalmırsınız... - Sonuncu iki iş yerim - "Azerfon" və "Azerconnect" əslində, eyni şirkətdir. Sadəcə olaraq, struktur dəyişikliyi baş verdi deyə, rəsmi olaraq iş yerim dəyişdi. İki il yarım bir şirkətdə işləmişəm. Bundan əvvəlki işdə isə haqlısınız, bir il altı ay qaldım. Bilirsiniz, bu gün İT sahəsində kifayət qədər dinamika var. Bu sektorda işləyən adam öz üzərində daha çox çalışmalıdır. 2-3 il bu sahədə çalışıb öz üzərinizdə işləməsəniz, yeni texnoloji bilikləri öyrənməsəniz, Böyük ehtimalla, mütəxəssis kimi sizə tələb aşağı düşəcək. 2014-cü ildə mən bank sahəsində şəbəkə üzrə işləməyə başlayanda bu, mənim üçün böyük təcrübə idi. Çünki orada təhlükəsizliyin təmin olunması üçün istifadə olunan avadanlıq və texnologiyalar mənim üçün maraqlı və həmin zaman üçün çox mürəkkəb idi. Onları öyrənib, təhlil edirdim. Bir qədər qeyri-təvazökar səslənə bilər, amma müəyyən müddətdən sonra o işdə özümü rahat hiss etməyə başladım. Sanki komfort zonaya düşmüşdüm. İT-də isə komfort zona heç də yaxşı hal deyil. Bu sahədə çalışan adam gərək qarşısına məqsəd qoysun, yaxşı mənada özünə çətinliklər yaratsın. Bu çətinlikləri yaratmaq üçün mobil operator sahəsinə keçmək qərarına gəldim. Şəbəkə texnologiyaları sahəsində işləyən bir şəxs kimi təcrübə baxımından mobil operator, yaxud servis provayder kimi şirkətlərdə işləmək çox önəmlidir. Bunları nəzərə alaraq, qarşıma məqsəd qoymuşdum ki, növbəti iş yerim mobil operatorlardan biri olsun. 2015-ci ildə artıq iş yerimi dəyişib bank sektorundan mobil operator sahəsinə keçdim. İnsan resursları mütəxəssisləri də mənə iş yerimi tez-tez dəyişməklə bağlı sualı verirdilər (gülür). Amma İT sahəsi elədir ki, işləməklə yanaşı, dinamikanı qoruyub saxlamaq lazımdır.    - Şəbəkə texnologiyaları sahəsindən danışanda dünyada əsas şirkət olaraq "Cisco"nun adı çəkilir. Bu şirkətə getməyiniz necə oldu? - Şəbəkə texnologiyaları sahəsində işləyəndə "Cisco" şirkətinin icad etdiyi infrastruktur və texnologiyalarla çox rastlaşırsan. Başqa şirkətlərin də avadanlıqları, texnologiyaları və infrastrukturu bu sahədə istifadə olunur. Amma "Cisco" bu sahədə böyük və lider şirkətdir. Şəbəkə texnologiyaları sahəsində işləyən əksər mütəxəssislərin bu şirkətdən sertifikatları var. Mən də istisna deyildim, karyeramla bağlı qarşıma məqsəd qoymuşdum ki, şirkətin sertifikatlarını alım, bu sahə üzrə özümü inkişaf etdirim. Bir il öncə isə məndə bu şirkətdə çalışmaq istəyi yarandı, özümü bu mühitdə də sınamaq fikrinə düşmüşdüm. Müəyyən mənada özüm üçün çətinliklər axtardığımı da demək olar (gülür). Böyük şirkət olduğu üçün strukturu da çoxşaxəlidir. Özümə uyğun vakant yer tapıb, müraciət etdim. Onlar mənimlə müsahibə etmək istədiklərini dedilər. "Cisco"da çalışmağı istəyirdim, amma müsahibə prosesi o qədər peşəkar aparılırdı ki, içimdəki o istək daha da böyüməyə başladı. Çox yaxşı ki, məni seçdilər və indi burda çalışıram.


Xəbərə aid fotolar