Şirəçəkən alarkən


Digərləri 16 Fev 2018 07:41:00 332 0

Şirəçəkən alarkən

Şirəçəkən məişət təyinatlı mürəkkəb texniki mallar qrupuna daxil olan, meyvə və giləmeyvələrdən şirə çəkmək üçün istifadə edilən cihazdır. Şirəçəkənlərin əllə işləyən, mexaniki və elektriklə işləyən üç növü mövcuddur. Bu cihazlar sitrus meyvələri üçün, universal, kombinə olan və şnekli modellərə bölünür.

Sitrus meyvələri üçün olan model yığcam, istifadəsi asan, yuyulması rahat və müqayisədə nisbətən ucuzdur. Universal şirəçəkənlər bütün meyvə və tərəvəzlər üçün nəzərdə tutulub. Bu şirəçəkənlər mürəkkəb konstruksiyaya malikdir və nisbətən bahalıdır. Kombinə olan modellər bir çox əlavə daxili funksiyalara malikdir. Əsasən qeyd olunan iki növ şirəçəkənlərin funksiyalarını birləşdirən modeldir. Bəzən onlara mayenin qarışdırılması, tərəvəzlərin doğranılması üçün blenderin müəyyən funksiyaları daxil edilir. Şnekli modellərin iş prinsipi isə ətçəkən maşına bənzəyir. Onlar aşağı sürətlə işləyirlər və bu səbəbdən daha səssizdirlər. Belə şirəçəkənlərin məhsuldarlığı digərlərindən daha yüksəkdir və hər cür meyvə və tərəvəzdən, o cümlədən göyərti, kök və giləmeyvələrdən şirə alınmasına imkan verir.

Göründüyü kimi, istehlak bazarında ən müxtəlif çeşiddə şirəçəkənlər satılır. İstehlakçı öz tələbat və məqsədinə uyğun olaraq seçim etməlidir.

Şirəçəkənin vacib texniki xassələrindən biri onun fasiləsiz işləmə vaxtıdır. Yeni modelləri avtomatik özünütəmizləmə və mühərrikinin məcburi ventilyasiyası funksiyası olduğu üçün xeyli vaxt fasiləsiz istifadə etmək olur. Kiçik şirəçəkənləri isə vaxtaşırı söndürüb təmizləməyə ehtiyac yaranır. Şirəçəkən alarkən istifadə zamanı təhlükəsizliyi yüksək olan növlərə üstünlük vermək lazımdır. Hissələri düzgün yığılmamış cihazı hərəkətə gəlməkdən qoruyan sistemlə təchiz olunduğuna diqqət edilməlidir. Bu cihazlar işlədiyi zaman həddən artıq qızmadan mühafizə olunmalıdır. Bunun qarşısını almaq üçün onları istismar qaydalarında göstərilmiş vaxtdan çox istifadə etməmək tövsiyə olunur.

Son.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müştəri şirəçəkən alarkən satıcıdan malın həmin mağazadan alınmasını təsdiq edən sənədləri (qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd) tələb etməlidir.

Hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkarlanarsa istehlakçı qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarını tələb edə bilər. Şirəçəkən alarkən zəmanət müddəti daha çox olan mallara üstünlük verilməlidir.