Şumda şərtləşək ki, düzdə dalaşmayaq Çoxlarının bilmədiyi vacib şey


Digərləri 16 Fev 2018 07:14:00 284 0

Şumda şərtləşək ki, düzdə dalaşmayaq  Çoxlarının bilmədiyi vacib şey

Boşanmaların və məhkəmə çəkişmələrinin azalmasına təsir edə bilən nikah müqaviləsi Azərbaycanda demək olar ki, bağlanmır.

Bizdə din və adət-ənənə amili uzun illər, hətta əsrlər boyu həmişə hüquqdan daha üstün tutulub. Məhz bu səbəbdəndir ki, bəzən ailə quranların heç rəsmi niklahı da olmur, sadəcə dini kəbinlə evlənirlər. Belələrinin arasında hətta tanınmış insanlar da var. Belə şəxslər üçün dini baxımdan halal-haram yanaşması hüquqi məsələdən daha önəmlidir. Amma nə yaxşı ki, rəsmi nikah bağlayanların sayı mütləq üstünlük təşkil edir.

Lakin təəssüf ki, Azərbaycanda evlənərkən nikah müqavilələrinin bağlanmasına o qədər də böyük maraq yoxdur, daha doğrusu, çox az, hətta yox səviyyəsindədir. Halbuki, Qərbdə, xüsusən sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə buna çox böyük əhəmiyyət verilir. Necə ki bizdə dini kəbinin olması və nikahın rəsmiləşdirilməsi önəmlidir, onlarda da nikah müqaviləsinin olması o qədər vacib sayılır. Statistikaya görə, Azərbaycanda hər il ailə quranların heç 1 faizi nikah müqaviləsi bağlamır. Bununla bağlı bir müddət əvvəl Ədliyyə Nazirliyinin müvafiq idarəsinin də açıqlaması olmuşdu. Bunun əsas iki səbəbi var: əvvəla, əksəriyyəti nikah müqaviləsini milli mentalitetə və ya özlərinə yad bir şey hesab edir, ikincisi, çoxlarının nikah müqaviləsi deyilən bir şeyin olmasından və onun mahiyyətindən xəbəri belə yoxdur. Elə bu səbəbdəndir ki, ölkəmizdə az-maz nikah müqaviləsi bağlayanların əksəriyyəti gənc ailələr yox, ikinci dəfə ailə həyatı quranlar və ya iş adamlarıdır. Nikah müqaviləsinin olması ailə quranlar üçün psixoloji baxımdan da çox mühümdür. Ailədə əsas məsələ daha çox maddiyyatla yox, münasibətlərin şəffaf olması, bir-birinə qarşılıqlı anlayış göstərə bilməklə bağlıdır. Lakin yenə də nikah müqavilələrinin bağlanması daha arzulanandır. Çünki ailəni yalnız maddiyyata, qazanca görə quran insanlar da az deyil. Məhz bu səbəbdəndir ki, qısa evlilikdən sonra boşanıb mal-mülk uğrunda düşən mübahisələrin və uzunmüddətli məhkəmələrinin sayı getdikcə çoxalır. Rəsmi statistikaya görə də Azərbaycandakı məhkəmələrdə işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Belələrinin və ya bu cür halların qarşısını nisbətən ala biləcək şeylərdən biri isə məhz nikah müqaviləsinin olmasıdır. Çünki nikah müqaviləsi tərəfləri daha məsuliyyətli olmağa məcbur edir.

Bütün bunlara rəğmən, Azərbaycanda ailələrdə nikah müqaviləsinə maraq göstərilməməsi onu sübut edir ki, bu məsələdə ciddi maarifləndirməyə ehtiyac var. Çünki nikah müqavilələrin bağlanmamasının kökündə çox vaxt məhz ailə quranların hüquqi bilgisizliyi durur. Düzdür, KİV-lərdə zaman-zaman bu məsələyə toxunulur, amma bu kifayət etmir. Çoxları isə nikah müqaviləsində nələrin yer ala biləcəyini və bu sənədin hansı hüquqi nəticələrə səbəb olacağını da bilmirlər. Təsadüfi deyil ki, bəzən nikah müqaviləsinin əksinə təbliğat aparılmasının da şahidi oluruq. Bəziləri milli mentaliteti, sevgini, məhəbbəti əldə bayraq edərək deyirlər ki, bunlar olan yerdə nikah müqaviləsinə ehtiyac yoxdur. Lakin iş adamlarının və xüsusən, xarici vətəndaşlarla ailə quranların əksəriyyəti bilir ki, gələcəkdə ailədə biznes və əmlakla bağlı problemlərin yaranacağı istisna deyil. Məsələn, maddi cəhətdən zəngin adamın ailə qurduğu şəxs gələcəkdə boşandıqda onun illər boyu əziyyətlə topladığı sərvətinə rahatca şərik çıxa bilər. Nikah müqaviləsi isə məntiqi olaraq həm boşanmaların azalmasına, boşanmalar olduqda isə əlavə məhkəmə çəkişmələrinin qarşısının alınmasına təsir edir.