Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda


Digərləri 15 Fev 2018 22:19:00 415 0

Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda

Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş Əziz Əzizov və Qobustan rayon sakini Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, təqsirləndirilən şəxslər kriminal aləmin üzvləri olub. Sadiq Hüseynov və Əziz Əzizov Rövşən Lənkəranski tərəfdalarına yaxınlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər xeyli əvvəl baş versə də, bu işi üzrə məhkəmə instansiyalarında uzun zaman araşdırma aparılıb.

Qadının evindən oğurluq...

İttihama görə, 9 avqust 2011-ci il tarixdə Sadiq Hüseynov Lətif Nəbiyevlə yaxın dost münasibətlərində olan Famil Hümbətova zor tətbiq edib, ona məxsus "Santa Fe" markalı avtomaşını əlindən alıb.

Famil Hümbətovun xahişi ilə Lətif Nəbiyev Sadiq Hüseynovla görüşüb, avtomaşının geri qaytarılmasına nail olsa da, həm danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonra Sadiq Hüseynovdan narazı qalıb.

Lətif Nəbiyev Sadiq Hüseynovu "cəzalandırmaq" barədə başqa şəxsin xahişi ilə onu avqustun 11-də saat 18.00-da Pirqulu yolunda yerləşən "Məlhəm" restoranının yaxınlığına çağırıb. Həm Lətif Nəbiyev, həm də Sadiq Hüseynov görüşə başqa şəxslərlə gəlib.

Görüş zamanı Sadiq Hüseynov davaya gəlmiş şəxslərin gözü qarşısında kəsici və küt əşyalarla Lətif Nəbiyevi vurub.

Bundan başqa, o, 18 avqust 2012-ci il tarixdə başqa bir şəxslə Şamaxı rayonunun Göylər kəndinə gedən yolda "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında Mirələm Daşdəmirova hücum edib, döyərək ona bədən xəsarəti yetiriblər.

Həmin il sentyabrın 26-da Sadiq Hüseynov yaxın münasibətdə olduğu Nuranə Üzeyirovanın Şamaxı şəhəri, Cavanşir Balayev küçəsindəki yaşayış sahəsinə girib. Oradan 973,4 manat dəyərində "Toshiba" markalı kompüteri, 230 manatlıq "Nokia C-3" markalı mobil telefon aparatını oğurlayıb.

O, oktyabrın 31-də Əziz Əzizov və başqaları ilə Şamaxı şəhərində "Turist" restoranında olarkən Nuranə Üzeyirovanın yaşadığı evdən oğurladığı "Toshiba" markalı noutbukui geri almaq üçün Bakıdan ora gələn Cəsur Səbzəliyevə qarşı xuliqanlıq edib, ona nalayiq söyüşlər söyüb.

Daha sonra bıçaqla Cəsur Səbzəliyevin baş nahiyəsinə vurub, yanındakılarla birlikdə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Cəsur onların əlindən çıxaraq restoran binasının qarşısına qaçıb. Amma orada da ondan əl çəkməyiblər.

Cəsur Səbzəliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Sadiq Hüseynov Lətif Nəbiyevlə şəxsi ədavət zəminində 20 noyabr 2012-ci il tarixdə onu öldürmək niyyəti ilə Əziz Əzizovla cinayət əlaqəsinə girib.

Onlar ov tüfəngi götürərək "VAZ-21154" markalı avtomaşınla Lətif Nəbiyevi axtarıblar. Saat 17.00-da Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində "Mebel" mağazasının qarşısında Lətif Nəbiyevi tapa biliblər. Sadiq Hüseynov odlu silahla Lətif Nəbiyevə məxsus "Lexus RX-350" markalı avtomaşına 2 dəfə atəş açıb.

Daha sonra Lətif Nəbiyev avtomat silahla Şamaxı-Bakı magistral yolunda "Turist" restoranının yanına gəlib. Orada Sadiq Hüseynov və Əziz Əzizova bir neçə dəfə atəş açıb. Sadiq Hüseynov qolundan, Əziz Əzizov isə kürəyindən yaralanıb.

Əzizin maşını yolun sol kənarına çıxaraq ağaca dəyib. Lətif Nəbiyev öz maşınında hadisə yerindən Şamaxı şəhərinə qayıdıb.

Maşına atəş açmamışam

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Hüseynov noyabrın 20-də Əziz Əzizovun maşınından Lətif Nəbiyevin maşınına atəş açmadığını deyib: "Həmin gün ümumiyyətlə Lətif Nəbiyevi görməmişəm və aramızda heç bir hadisə baş verməyib. Amma Əziz Əzizovun "VAZ 21154" markalı avtomaşınına naməlum avtomaşından atəş açılmasını təsdiq edirəm.

Həmin avtomaşının Lətif Nəbiyevə məxsus olub-olmadığı barədə məlumatım yoxdur. Lətif Nəbiyevin avtomaşınında karteç qırıqları aşkar edilməsini isə onun və tanışlarının mənə qarşı sübut toplanması məqsədi ilə avtomaşına özlərinin atəş açmaları kimi qiymətləndirirəm".

Birlikdə "Turist" restoranına gəldik

Sadiq Hüseynov qeyd edib ki, zərərçəkmiş Nuranə Üzeyirova ilə isə münasibətləri olub: "Lakin "Toshiba" markalı kompüteri oğurlamamışam. Nuranənin mobil telefonunu dəyişib ona bahalı telefon almışıq. Bundan sonra bir nəfər yaxınlaşaraq satılan telefonun onun adına kreditdə olduğunu bildirdi. Mən də həmin şəxsə şikayət etməyi təklif etdim. Həmin şəxslə mübahisə zamanı bıçaqdan istifadə olunmayıb".

Təqsirləndirilən Əziz Əzizov bildirib ki, Sadiq Hüseynovla dost olub: "Daim Sadiqin yanında olan Elçini, "Mosu" ləqəbli Dünyamalını, idmançı Elgünü, "Qarğa" ləqəbli Anarı yaxından tanıyıram. Oktyabrın 31-də gündüz vaxtı Sadiqin təklifi və adlarını çəkdiyim şəxslərlə "Turist" restoranına gəldik. Həmin gün restoranda başqa şəxslər də vardı, həyətdə 5-6 avtomaşın dayanmışdı. Qonşu çardaqlarda da oturanlar çox idi.

Restoranda bir çardaqda mən, Sadiq, Elgün, "Mosu", Elçin, "Qarğa" Anar və Natiq oturmuşduq. Çay içdiyimiz zaman həmin restorana kənar şəxslərin gələcəyini bilmirdik. Sadiq bu barədə heç bir söz deməmişdi. Mobil telefonuna tanımadığı şəxsdən zəng gələndə Sadiq onu restorana dəvət etdi".

Sadiq telefon zəngindən sonra qəzəbləndi

Əziz Əzizovun sözlərinə görə, Sadiq Hüseynov telefonla danışanda söhbətin kompüterin qaytarılmasından getdiyini başa düşüb: "Ancaq konkret hansı kompüterin nəzərdə tutulduğunui bilmədim. Çünki bu barədə heç bir məlumatım yox idi.

Sadiq həmin şəxslə danışdıqdan sonra özünü çox aqressiv apardı. Kompüterin qaytarılması söhbətinin xoşuna gəlmədiyini başa düşdüm. 15-20 dəqiqə sonra restoranın həyətinə "Mercedes" markalı avtomaşın daxil oldu. Maşından düşən iki nəfərdən biri - tanımadığı şəxs oturduğumuz çardağa tərəf hərəkət etməyə başladı, o biri isə avtomaşının qapısını bağlamaq üçün ləngidi.

Bizə yaxınlaşan şəxs Sadiqi soruşdu. Sadiq onu qarşıladı və kompüterlə bağlı söhbət başladı. Söhbətə diqqət eləmədim. Lakin Sadiqin "kompüter qaytarılmayacaq" sözlərini eşitdim. Onların söhbəti təxminən 3-4 dəqiqə çəkdi".

Külqabını başına çırpdı

Əziz Əzizovun sözlərinə görə, Bakıdan gələn şəxs Sadiqdən kompüterin dərhal qaytarılmasını tələb edib: "Bu zaman Sadiq, Elgün, "Mosu" onu döyməyə başladılar. Süfrədə olan qab-qaşığı onun başına çırpırdılar. Qonaq da müqavimət göstərdi, masada olan qənddanı Sadiqin başına vurdu.

Bundan Sadiq, mən və yanmızda olan dostlar çox əsəbiləşdik. Hamımız onun üstünə düşdük.

Həmin şəxs əllimizdən qaçmaq istədi, uşaqlardan biriylə Sadiq onun dalınca getdi. Döyülən şəxs yerdən taxta parçası götürüb Sadiqi vurmaq istədi. Dostlardan kimsə taxta parçasını alıb, bir neçə dəfə onun özünü vurdu. "Mercedes" markalı avtomaşının sürücüsü öz tanışını müdafiə etmədi. O, ümumiyyətlə bizə yaxınlaşmadı".

Lətif maşını saxlamaq işarəsi verdi, Sadiq "sür" dedi